İcra başçılarının vətəndaş qəbulları, habelə səyyar görüşləri barəsində müəyyən zaman kəsiyində fikirlərimi ötəri də olsa bildirmişəm. Ancaq indi sizə təqdim etdiyim yazıda bu mövzuya bir qədər geniş mənada toxunacağam.
Beləliklə, sosial media və RİH-lərə məxsus internet resurslarda apardığım müşahidə və araşdırma nəticəsində gəldiyim bəzi qənaəti oxucularımızla bölüşmək istərdim.
Qeyd edim ki, icra başçılarının səyyar görüşlərinin və vətəndaş qəbullarının təşkilində əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir. Konkret olaraq vətəndaşın qarşılaşdığı problemləri operativ şəkildə dinləmək və onun həllinə nail olmağa söykənən bu görüşlərin son illərdə simvolik şəkildə, sadəcə “fiksə” xatirinə və stardart formada təşkili əslində humanist bir addımın əsas məqsədini kölgə altına alır.
Birincisi, görüşlərin keçirilməsiylə bağlı əvvəlcədən elanın, hətta sosial media üzərindən paylaşılmaması, havanın qarlı-şaxtalı günlərində belə böyük əksəriyyəti “jek” işçiləri və məktəb kollektivi olanların darısqal bir otağa yığıb, siyasi rəhbərin yarım saat ərzində, əslində hamının bildiyi və eşitdiyi fikirlərin təkrar olaraq danışığından sonra əvvəlcədən hazırlanmış vətəndaş suallarının siyasi rəhbərə ünvanlanması hər halda bu gün qəbul edilmir. Bu arada qeyd edim ki, müşahidə etdiyim 30-dan artıq RİH-dən yalnız Hacıqabul RİH səyyar görüşlə bağlı elanı sosial media üzərində paylaşmışdı.
Bundan başqa son günlərdə isə bir sıra icra başçıları rayonu təmsil edən deputatla və ya YAP-in rayon təşkilatının sədriylə birgə qəbul keçirməsinin hansısa bir əhəmiyyətini görən olubmu?
Gəlin etiraf edək ki, RİH başçısı da, MM üzvü də, hətta YAP-ın rayon təşkilatının sədri də bir çox hallarda vətəndaş tərəfindən qaldırılan məsələnin onların səlahiyyət dairəsinə aid olmadığı üçün müvafiq orqana sorğu göndərmək məcburiyyətindədirlər. Bu isə hələ məsələnin həlli demək deyil. Əgər o qəbullarda, səyyar görüşlərdə konkret olaraq sahələr üzrə məsul vəzifəli şəxslər iştirak etmirsə belə görüşlərin təşkilinin, açıq etiraf edək ki, heç bir mənası yoxdur. Maddi yardım üçün və ya torpaq sahəsi üçün müraciət edənləri isə dərhal bələdiyyənin üstünə göndərilməsi isə icra başçıları üçün adi hala çevrilib. Bələdiyyənin mülkiyyətində hər hansı torpaq sahəsinin olmadığını yaxşı bilən siyasi rəhbərlər vətəndaşı bələdiyyə sədrinin üstünə göndərməklə qəbulu bir növ yola vermiş olurlar.
İkinci narahatlıq yaradan məqam ondadır ki, bələdiyyənin üstünə göndərilən müraciətin öz həllini tapdığı halda, yəni vətəndaşa bələdiyyə tərəfindən maddi yardım göstərildikdə, ya da torpaq sahəsinin ayrılmasıyla bağlı hansısa irəliləyişin olduğu halda dərhal həmin məsələ icra hakimiyyətinin adına yazılaraq bəh-bəhlə saytda və sosial mediada paylaşılır. Əziyyət çəkən, maddi yardım üçün maliyyə vəsaitini hətta öz cibindən keçirən bələdiyyə sədrləri belə vaxtda nədənsə yada düşmür. Şəhid ailələrinə göstərilən diqqətdə bələdiyyələrin əvəzsiz rolu olmasını, şəhidlərin adlarının ədəbiləşdirilməsində, şəhid bulaqlarının tikintisində bələdiyyələrin gördüyü işlərin RİH-lər tərəfindən öz adlarına çıxılması isə heç bir məntiqə sığmır. Yaydıqları məlumatlarda belə bələdiyyələrin adlarının çəkilməməsi ümumiyyətlə seçikili orqan təmsilçilərinə qarşı hörmətsizlikdir.