2022-ci il ərzində qanunların icra və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları tərəfindən görülmüş işlərə dair kollegiya iclası keçirilib.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, kollegiya iclasında giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Prokuroru Səbuhi Şahverdiyev dövlət başçısı cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis olunmasının, aparılan struktur islahatlarının prokurorluq orqanlarının da fəaliyyətini günün tələbləri səviyyəsində qurmalarına geniş imkanlar açacağını, insanların sosial rifah halının yüksəlməsinə xidmət edəcəyini vurğulayıb. Daha sonra Səbuhi Şahverdiyev ötən il ərzində görülmüş işlərlə bağlı ətraflı məlumat verib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini Sənan Paşayev çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət və müasir dövrün reallıqlarına uyğun islahatlar ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına, cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə, dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsinə xidmət edib. Dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində ölkəmizdə digər qurumlar və sahələrlə yanaşı Azərbaycan Prokurorluğu orqanlarında da idarəçiliyin təkmilləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində operativliyin təmin edilməsi istiqamətində nəzərəçarpacaq dəyişiklər müşahidə edilməkdədir.
Məhz bu sahədə görülən işlərin bir mərhələsi olaraq Azərbayjan Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun müasir tələblərə cavab verən yeni strukturu təsdiq edilib və bundan sonra Baş prokuror Kamran Əliyev tərəfindən Azərbaycan Prokurorluğunun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun da yeni strukturu formalaşdırılıb.