Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.
Pravda.az xəbər verir ki, görüşdə Litva Prezidenti Gitanas Nauseda Azərbaycana ötənilki səfərini məmnunluqla xatırladıb, səfər əsnasında ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına dair Prezident İlham Əliyev ilə geniş müzakirələr apardığını qeyd edib. Prezident Gitanas Nauseda Prezident İlham Əliyevi Litvaya səfərə dəvət edib.
Səfərə dəvəti məmnunluqla qəbul edən dövlət başçısı Litva Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Söhbət əsnasında regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini dedi. Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirdi.
Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırdı.