18 yanvar 2023-cü il tarixində Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb.
XİN-dən verilən məlumata görə, bu tarixi arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır.
2020-ci ildə ərazilərini işğaldan azad edən Azərbaycan, Ermənistanın qanunsuz işğalı dövründə ətraf mühitin məhv edilməsi ilə bağlı bütün dəlilləri toplayıb. Bu əməllər bölgədəki təbii yaşayış mühitinə və növlərinə ciddi ziyan vurmaqla, təbii ehtiyatların tükənməsinə və biomüxtəlifliyin məhv olmasına səbəb olub.
Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, ağacların kəsilməsi və işğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz tikinti və mədənçilik fəaliyyətinin aparılması ilə ərazilərin çirklənməsi Azərbaycanda 500-dən çox vəhşi təbiət növünü təhlükə altında qoyub.
2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “xüsusi mühafizə olunan və qiymətli meşələr”in qorunmadığını qeyd edib. Laçında yerləşən Dəmirli-1 mədəninin, Qalaça su elektrik stansiyasının və Çardağlı mədəninin tikilməsi üçün yaşayış yerlərinin məhv edilməsi də daxil olmaqla, meşələrin qırılmasının ifrat dərəcəsini göstərən əyani dəlillər mövcuddur.