"Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq. Ümid edirik ki, həmin azad ticarət zonası istehsalat və şirkətlər üçün sərmayə qoyuluşu baxımından münasib məkan olacaq".
Prezident: Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq
Pravda.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, əlbəttə, biznes mühitinin yaxşılaşdırılması uğurun əsas amillərindəndir: "Çünki dünyada bütün ölkələrin, hətta ən inkişaf etmiş dövlətlərin əlavə sərmayəyə ehtiyacı var. Ancaq, sadəcə, biznes mühiti kifayət deyil. Ölkələr arasında münasibətlər nadir vəziyyət yaradır - qlobal miqyasda ən yüksək dostluq şəraiti. Mən Azərbaycan və Gürcüstan, Azərbaycan və Türkiyə, Gürcüstan və Türkiyə, habelə bizim üçtərəfli əlaqələrimizi nəzərdə tuturam".