Böyük Britaniyada aşkar olunan koronavirusun yeni ştammı - “Orthro” sürətlə yayılmaqda davam edir. Yunan mifologiyasında “ikibaşlı it” anlamına gələn "Orthro", mütəxəssislərin fikrincə, “Kraken” ştammından təhlükəli olmasa da, daha geniş yayılır. Yeni ştammın Azərbaycanda mövcudluğu rəsmən təsdiqlənməsə də ölkəmizdə bu ştamma yoluxduğunu iddia edənlər az deyil. Onlar "Orthro"nun insanı "it kimi hürdürdüyü"nü də deyirlər. Mövzu ilə bağlı Yenisabah.az-a danışan infeksionist-hepatoloq Mərdan Əliyev "Orthro"nun Azərbaycanda qeydə alındığını təsdiqləməyib: “Hazırda COVID-19-un yeni variantı ölkəmizdə yoxdur. “Orthro” ştammı hələ ki, Azərbaycanda qeydə alınmayıb. Bu gün ölkədə sürətlə yayılan, demək olar ki, hər kəsin yoluxduğu xəstəlik də koronovirus deyil. Çünki xəstələr analiz verəndə, onlardan respirator yaxma götürüləndə analiz nəticəsində koronovirus neqativ çıxır. Bu da o deməkdir ki, ölkədə ümumiyyətlə, koronovirus yoxdur. Yəni nə “Omicron” variantı, nə də digər variantları.
Ölkədə qrip virusu geniş yayılıb. Əslində, o, ağır keçən bir xəstəlikdir. Qızdırma, baş ağrısı, sümük-əzələ ağrıları, boğaz ağrısı ilə müşahidə olunur və bəzən pnevmoniyaya qədər gedə bilir. Buna görə də qrip üçün peyvəndlər var və hər il əhalinin aktiv qrupuna bu peyvəndi vururlar”.