“International Policy Digest” nəşrində azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolu üzərində keçirdiyi etiraz aksiyası, eləcə də Azərbaycan dövlətinin Qarabağdakı qanunsuz mədən fəaliyyətlərindən qaynaqlanan ekoloji narahatlıqlarına dair geniş məqalə dərc edilib.
Pravda.az xəbər verir ki, Baltimor Universitetinin İctimai və Beynəlxalq Məsələlər Məktəbinin icraçı direktoru, professor İvan Saşa Şihanın müəllifi olduğu yazıda erməni və azərbaycanlı ekofəalların mədən sənayesinin zərərlərinə qarşı keçirdikləri aksiyalarına Qərbdə qərəzli münasibət göstərildiyi qeyd edilib.
Müəllifin sözlərinə görə, bir müddət əvvəl Ermənistanın Cermuk rayonundakı Amulsar mədəninin fəaliyyətinə qarşı erməni aktivistlərin aksiyası Qərbdə geniş dəstək alıb, lakin eyni səbəblərə etiraz edən azərbaycanlı ekofəalların aksiyasına şübhə çəkilməsinə çalışılır.
Qeyd olunub ki, Sovet dövründən bəri sağlamlıq turizmi mərkəzi kimi fəaliyyət göstərən Cermuk şəhəri son dövrlərdə ekoloji mübarizə mərkəzinə çevrilib. Erməni ekofəallar burada lokal ətraf-mühiti zəhərləyən və təbiətin gözəlliyinə dağıdıcı zərbə vuran beynəlxalq mədən konqlomeratına qarşı mübarizə aparırlar:
“Onların qəzəbinin səbəbi Cermukdan bir neçə mil məsafədə yerləşən Amulsar qızıl mədənidir. Qərargahı ABŞ-da olan “Lydian International”ın Ermənistandakı törəməsi tərəfindən istismar edilən mədən etirazçıların iddiasına görə yaxınlıqdakı göllərə və çaylara təhlükə törədir, mədən sənayesində istifadə edilən sianid prosesləri ilə çirklənmə riski yaradır.
Yolun bloklanması və Amulsarda istehsalın dayandırılması ilə bağlı mübarizə Qərbdəki mütərəqqi ictimai rəy formalaşdıranların böyük dəstəyini gördü. Lakin Azərbaycanda qızıl hasilatının törətdiyi dağıntılara etirazlar başlayanda onlar açıq-aşkar şübhə ilə qarşılandılar. Bu, ötən il azərbaycanlıların Qarabağ regionuna aparan və onu qonşu Ermənistanla əlaqələndirən dağ yolunu - Laçın dəhlizində aksiya keçirən zaman baş verdi”.
Müəllif qeyd edib ki, beynəlxalq hüquqa əsasən, Azərbaycanın suveren əraziləri kimi tanınmış bu bölgə uzun müddət etnik ermənilərin işğalı altında qalıb: “Beynəlxalq hüquqa əsasən Azərbaycanın suveren ərazisi kimi tanınan Qarabağ 1994-cü ildən 2020-ci ilədək etnik ermənilərin uzunmüddətli işğalı altında qaldı və Bakı iki il öncə qısamüddətli müharibə zamanı onu geri aldı".
Qeyd olunub ki, dekabrdan bəri ərazidə çadırlar quran etirazçılar Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının dayandırılmasını və ekoloji monitorinq qrupunun fəaliyyəti üçün imkan yaradılmasını tələb edirlər.
Məqalədə göstərilib ki, Moskvanın göstərişi ilə Qarabağa yollanmış erməni oliqarx Ruben Vardanyan sözügedən mədənlərin qanunsuz istismarının bərpa etməkdə və oğurlanmış təbii sərvətlərin Laçın dəhlizi vasitəsilə Ermənistana daşımaqda ittiham edilir:
“Noyabrdan bəri Qarabağdakı erməni siyasi liderliyinə yeni “dövlət naziri” (effektiv baş nazir) – Kremllə əlaqəli, rusiyalı erməni oliqarx Ruben Vardanyan rəhbərlik edir. O, regiondakı qanunsuz qızıl mədənlərinin yenidən açılmasında və onun oğurlanmış məhsullarının ermənilərin nəzarətindəki Qarabağ regionundan Laçın dəhlizi vasitəsilə ixracında ittiham edilir. Aksiya keçirən aktivistlər bildirirlər ki, onlar həm Vardanyanın qanunən Azərbaycana məxsus təbii sərvətləri yağmalamasına, həm də mədən əməliyyatlarının səbəb olduğu ekoloji zərərə etiraz edirlər. Cavabında isə Qarabağdakı erməni “rəsmilər” bu epizodu özlərinin blokada qurbanı olduğu informasiya müharibəsinə çevirirlər. Əsas “nazir”lərdən biri Artak Beqlaryan vəziyyəti “insan haqlarının kobud pozulması” kimi təsvir etdi. Beynəlxalq media qida çatışmazlığı və tibbi vasitələrin çatışmazlığı hekayələri ilə doldurulub".
Müəllif qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin paylaşdığı video bütün bu iddiaların yanlış olduğunu, etirazçıların Laçın dəhlizini bloklaması ilə bağlı məlumatların saxta xəbər olduğunu üzə çıxarıb. Belə ki, həmin videoda Beynəlxalq Qızıl Xaç Komitəsinin və ermənilərin təcili yardım maşınlarının etirazçıların düşərgəsinin içi ilə hərəkət etdiyi görünür.