Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra onunla bağlı maraqlı məlumatlar yayıldı. Bu məlumatlar arasında V.Talıbovun qoyduğu qadağalar daha çox diqqəti cəlb etdi.
Muxtar Respublikada Talıbovların hakimiyyətinə son qoyulandan sonra həmin qadağaların əksəriyyəti aradan qalxıb. Qəribə görünsə də, hazırda Naxçıvanda hər kəs həyətində təndir çörəyi bişirə bilir. Naxçıvanlı taksi sürücüləri muxtar respublikanın ərazisində sərbəst fəaliyyət göstərir, heç bir maneə olmadan şəhər və kəndlərə müştəri apara bilirlər. Naxçıvanda mağazaların, iaşə obyektlərinin açılması ilə bağlı tətbiq edilən qadağa da aradan qalxıb. Hazırda muxtar respublikanın kəndlərində bir deyil, bir neçə mağazanın açılmasına icazə verilir.
Vaxtilə Naxçıvan rayonlarının birinə rəhbərlik etmiş sabiq icra başçısı “Yeni Sabah”a indiyə kimi cəmiyyətə məlum olmayan maraqlı bir qadağadan danışıb. Onun sözlərinə görə, Vasif Talıbovun tətbiq etdiyi qadağalar təkcə sıravi insanları əhatə etməyib. Keçmiş Ali Məclis Sədri Naxçıvan rayonlarının icra başçılarına da bəzi qadağalar qoyub. Onun sözlərinə görə, bu məhdudiyyətlərdən biri toylarla bağlı olub. Həmsöhbətimiz deyib ki, V.Talıbovun hakimiyyətdə olduğu dövrdə öz övladına toy etmək istəyən İcra başçısı mütləq ondan icazə almalı imiş. Hətta qonaq sayı da onunla razılaşdırılmalı imiş.