24 yanvar tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir.
Pravda.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir. Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur. Hələ 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır”, keşmiş müdafiə naziri Tonoyan isə “yeni torpaqlar üçün yeni müharibə” barədə fikirlər səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir.
Görünür ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması barədə (erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarmaması, Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətləri davam etdirməsi, Laçın yolundan sui-istifadə edərək hərbçilərin rotasiyasını həyata keçirməsi, Azərbaycanda mina təhdidini davam etdirməsi, təbii sərvətlərin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidinə şərait yaratması və s.) Azərbaycan tərəfindən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlara, habelə Parlamentlərə təqdim olunmuş danılmaz faktlara bu qurumlar tərəfindən əhəmiyyət verilməməsi Ermənistan tərəfini növbəti dəfə cəsarətləndirib. Eyni zamanda, Ermənistan xarici işlər nazirinin bu çıxışının Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bir sıra beynəlxalq çevrələr tərəfindən verilmiş yanlış, sülhü dəstəkləməyən və revanşizmi təhrik edən bəyanatlardan ruhlandığı aydın olur.
Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın ərazilərimiz işğaldan azad olunandan sonra beynəlxalq hüquqa və beynəlxalq qaydalara istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması və müdaxilə etməyə çağırması absurddur.
Azərbaycanın təşəbbüskarı olduğu üç istiqamət üzrə danışıqlarda (bütün nəqliyyat kommunikasiyaların açılması, delimitasiya, sülh sazişinin imzalanması) Ermənistanın xoş niyyətlə iştirak etdiyi barədə xarici işlər naziri Mirzoyanın səsələndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyi yaxşı məlumdur. Ermənistan tərəfi sülh gündəliyi üzrə təkliflər irəli sürüləndən sonra aylarla müraciətlərimizə cavab verməməklə yanaşı, prosesin irəliləməsi üçün əməli addımlar atmayıb və müxtəlif bəhanələrlə davamlı olaraq prosesə maneçilik törədib.