"Hər bir xoş günümdə gözüm atamı axtarır. Pis günündə də atanı istəyirsən ki, onu qucaqlayıb rahatlayasan. Bəlkə bir dərdini bölüşmək istəyirsən, yenə də atan yoxdur. Pis və yaxşı gününü də onunla müzakirə etmək istəyirsən, amma yenə də bu mümkün olmur. Qızım babasının videoları ilə böyüyür. Yutubda onu izləyir, başa salmışam ki, babandır. Hər dəfə də məndən soruşur ki, niyə gəlmir? Deyirəm ki, uzaqlardadır. Məktəbdə oxuyanda da hamı kimi mən də istəyirdim ki, atam aparıb-gətirsin, amma bu mümkün deyildi. Universitetə daxil oldum, yenə də olmadı. Toyum oldu yenə də atam yanımda olmadı. Xüsusən qızlar atalarını daha çox istəyir, onlara bağlı olur. Atasızlıq çox çətindir".
Pravda.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında mərhum müğənni Rüfət Mehdiyevin qızı Zemfira Mehdiyeva deyib.
"Hələ də atasızlıq travması yaşayıram. Ona dəhşətli dərəcədə bağlı idim. 1 yaşım olanda təntənəli keçirmişdi. Bütün məşhur müğənnilər Aygün Kazımova başda olmaqla hamı orada idi. Aygün xanım mənə gəlincik hədiyyə gətirmişdi. Hələ də bilmirəm ki, hansı arzusu ürəyində qaldı?" deyə sənətkarın qızı bildirib.