Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayevin müsahibəsi
- Ramiz müəllim, müsahibə üçün yaratdığınız şəraitə görə sizə təşəkkür edirik. Bu il Ali Məhkəmənin fəaliyyətinin 100 ili tamam olur. Tarixə nəzər salsaq, nələri qeyd etmək istərdiniz?
- İlk növbədə onu qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, işğaldan azad edilmiş regionlarımızda aparılan quruculuq işlərinin, eləcə də ölkəmizdə aparılan böyük islahatların geniş ictimaiyyətə çatdırılmasında siz media nümayəndələrinin önəmli rolu var. Bu baxımdan son illərdə ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə məlumatların işıqlandırılmasında sizin rəhbərlik etdiyiniz media da fəal işlər görür. Odur ki, həm indiyədək görüdüyünüz işlərdən dolayı, həm də vaxtınızı ayırıb bu gün təşrif buyurduğunuz üçün mən də öz növbəmdə sizə və sizinlə birgə Ali Məhkəməyə təşrif buyuran həmkarlarınıza təşəkkür edirəm.
Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyi çox əlamətdar bir ilə təsadüf edir. Bu il mayın 10-da xalqımız müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycanda məhkəmə sisteminin inkişafı Ulu öndərin fəaliyyəti ilə sıx bağlıdır.
Sualınızla bağlı ilk olaraq onu bildirmək istəyirəm ki, müasir Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cumhuriyyəti demokratik dövlət olaraq bir çox mütərəqqi işlər, o cümlədən məhkəmə sistemi quruculuğunda da mühüm işlər görmüşdür. Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin tərkibində məhkəmə sahəsinə dair qanunlara yenidən baxılması barədə xüsusi komissiya təşkil etmişdi. Bu komissiyaya Ali Məhkəmənin təsis edilməsi qrupu da daxil idi. Həmin komissiya 1920-ci ilin mart ayında Ali Məhkəmə fəaliyyətini həyata keçirəcək Azərbaycan Senatının Əsasnaməsinin layihəsini hazırlayıb qəbul edilməsi üçün Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə təqdim etmişdi. Lakin əfsuslar olsun ki, bolşevik ordusunun Azərbaycanı işğal etməsi buna imkan vermədi. Sonrakı illərdə isə Sovet İttifaqı dövründə Azərbaycanda tamamilə fərqli məhkəmə sistemi yaradıldı.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 1922-ci il 9 dekabrda keçirilən 2-ci sessiyasında “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında Əsasnamə” qəbul edildi. Azərbaycan SSR MİK “Azərbaycan SSR-in məhkəmə quruluşu haqqında” Əsasnamənin qüvvəyə minməsi barədə 1923-cü il 13 fevral tarixli 8 saylı qərar qəbul etdi. Bu qərarda “Azərbaycan SSR-in məhkəmə quruluşu haqqında” Əsasnamənin 1923-cü il 1 fevraldan qüvvəyə minməsi müəyyən olundu və bununla da Ali Məhkəmə təsis olundu. Azərbaycan Ali Məhkəməsinin yaranması günü məhz bu tarixlə bağlıdır.
Yarandığı ilk dövrdə Azərbaycan SSR-nin Yuxarı Məhkəməsi adlandırılan məhkəmə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 29 dekabr dekreti ilə Azərbaycan SSR-in Ali Məhkəməsi adlandırıldı.
Bu il 100 yaşı tamam olan Ali Məhkəmənin tarixini iki dövrə bölmək olar: 1-ci dövr - 1923-cü ildən 1991-ci ilədək olan Sovet hakimiyyəti dövrü; 2-ci dövr - 1991-ci ildən müstəqilliyin bərpasından sonrakı dövr.
Sovetlər dönəmində Ali Məhkəmə müəyyən tarixi yol keçərək səlahiyyət dairəsində dəyişiklik olunmuşdur. 1927-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in ikinci Konstitusiyanın 51-ci maddəsində əsasən, Azərbaycan SSR-in Ali Məhkəməsi heç bir istisna olmadan Respublikanın bütün məhkəmələri üzərində məhkəmə nəzarəti orqanı idi və dairə xalq məhkəmələri tərəfindən həll edilən işlərə kassasiya qaydasında, habelə respublikanın bütün məhkəmələrinin qərarlarından şikayətlərə nəzarət qaydasında baxırdı. Həmçinin həmin dövrdə Ali Məhkəmə öz səlahiyyətləri daxilində mühüm dövlət əhəmiyyətli ağır cinayət işləri üzrə işlərə birinci instansiya məhkəməsi qismində baxırdı. Ali Məhkəmənin strukturu da sovetlər dönəmində mərhələli şəkildə inkişaf etmişdir. Məsələn, 1962-ci ilə qədər Ali Məhkəmənin Aparatı mövcud deyildi. Daxili idarəetmə funksiyalarını o dövrdə Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyəti yerinə yetirirdi. Yalnız 1962-ci il də Ali Məhkəmənin Aparatı təşkil olundu və sonrakı illərdə dəyişikliyə uğrayaraq genişləndirilsə də, ümumilikdə Ali Məhkəmənin işinə önəmli dərəcədə hüquqi-təşkilati dəstək vermək baxımdan qənaətbəxş olmadı.
Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra isə öz fəaliyyətində qanunun aliliyinə, insan hüquqları və demokratiyanın müdafiəsinə xüsusi önəm verir. Müstəqilliyin bərpasından sonrakı dövrdə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə məhkəmə-hüquq sistemində mərhələli şəkildə islahatlar aparılmışdır. Müstəqil Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi statusu, məhkəmə sistemində yeri və rolu ölkənin Əsas Qanunu olan 1995-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin ali məhkəmə orqanı kimi təsbit olunması onun yüksək hüquqi statusundan irəli gəlir.
1996-cı ildə Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Hüquq İslahat Komissiyası ölkə qanunvericiliyinin beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Sözügedən Komissiya tərəfindən hazırlanmış layihə əsasında 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilərək ölkəmizdə üçpilləli məhkəmə sistemi və sonradan məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurası yaradılmışdır.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsində ölkəmiz 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və bununla da ölkəmizdə məhkəmə-hüquq sistemi üçün yeni bir mərhələ başlamışdır. 2001-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına qoşulduğu andan ölkəmizdə Konvensiyaya və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına yeni yanaşmanın formalaşması üzrə fəal proses başlamışdır ki, bu da öz növbəsində nəinki məhkəmə sisteminə, həmçinin bütövlükdə tədricən və ardıcıl olaraq Avropa Şurasının standartlarına yaxınlaşmaqda olan qanunvericiliyin inkişafına öz müsbət təsirini göstərmişdir.
2023-cü ildə fəaliyyətinin 100 illi tamam olan Ali Məhkəmənin yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu işə artıq start verilib. Noyabrın ayından etibarən isə Ali Məhkəmədə həftədə bir gün açıq qapı günləri keçirilir. Eləcə də, Ali Məhkəmənin yaradılmasının 100 illiyi ilə bağlı xüsusi kitabın nəşri və beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
- Ramiz müəllim, cənab Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanında göstərilən çağırışlara uyğun olaraq ötən müddət ərzində Ali Məhkəmə tərəfindən hansı addımlar atılıb?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermiş, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə məhkəmələrin səlahiyyətləri genişləndirilmiş, maddi təminatları yaxşılaşdırılmış, hakimlərin şəffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yenilənməsinə nail olunmuşdur.
Məhkəmə-hüquq sistemində aparılan islahatlar həm də beynəlxalq aləmdə böyük maraq doğurur, o cümlədən hakimlərin ən şəffaf seçim proseduru, məhkəmələrin yüksək statusuna uyğun müasir infrastrukturunun yaradılması, yeni innovativ elektron sistemlərin tətbiqi sahəsində Azərbaycanın təcrübəsi müsbət qiymətləndirilir.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanı ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən kompleks islahatların tərkib hissəsidir. Bu sənəd məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və məhkəmə-hüquq islahatlarının davamlılığının real göstəricisidir. Fərmanın məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir.
Həmçinin bu Fərman ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsirini göstərib. Son üç il ərzində məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər görülüb.
İlk növbədə, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və Aparatın əməkdaşlarından, həmçinin Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və digər orqanların əməkdaşlarından ibarət xüsusi işçi qrupu yaradılaraq Fərmanda qoyulmuş tapşırıqlar üzrə təhlillər aparılmış, beynəlxalq təcrübə öyrənilmiş, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı 40-dək normativ aktın layihəsi işlənib hazırlanmış və artıq əksəriyyəti Milli Məclis tərəfindən qəbul edilmişdir.
Sözügedən Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar, 2020-ci il 01 yanvar tarixindən inzibati-iqtisadi məhkəmələr sistemi ləğv edilmiş, bu sahədə Bakı, Sumqayıt, Şirvan, Gəncə, Şəki və Naxçıvan şəhərlərində ixtisaslaşmış məhkəmələr - inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılmışdır.
Nəticə etibarilə, inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mülki mübahisələrə baxmağa başlamışlar. Bununla da, həm ixtisaslaşmanın artırılmasına şərait yaradılmış, məhkəmə quruluşu optimallaşdırılmış, həm də məhkəmə sistemində iş yükünün daha balanslaşdırılmış bölgüsü təmin edilmişdir. O da xüsusi olaraq vurğulanmalıdır ki, işlərin məhkəmə aidiyyətinin, yəni ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə, eləcə də məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının yeni qaydalarının tətbiqi üzrə hüquqi müəyyənliyin təmin edilməsi məqsədi ilə qısa müddətdə Ali Məhkəmənin müvafiq Plenum qərarı qəbul edilmişdir.
Fərmanla ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi qaydaları təkmilləşdirilmiş, bu prosesdə çeviklik artırılmışdır.
Mülki prosessual qanunvericiliyə məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsinə, süründürməçilik, o cümlədən mümkün sui-istifadə hallarının qarşısının alınmasına, işlərə daha səmərəli baxılmasına, habelə müasir informasiya texnologiyalarının daha geniş tətbiqinə yönələn, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə xidmət edən 350-dək dəyişikliklər edilib.
2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minən həmin dəyişikliklərlə kiçik iddialara dair və yazılı icraat qaydasında baxılan işlərin dairəsi genişləndirilib, məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların qarşısının alınması üçün əlavə mexanizmlər yaradılıb, prosessual müddətlər dəqiqləşdirilib, məhkəmə proseslərinin elektron idarəedilməsi təsbit olunub. Xüsusən qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsində mülki, kommersiya və inzibati işlər üzrə icraatın tam şəkildə yazılı icraata keçməsi, ölkənin müxtəlif regionlarından olan vətəndaşların paytaxtda yerləşən Ali Məhkəməyə gəlməsi zərurətini aradan qaldırılmaqla, onları bir sıra xərclərdən azad etməklə ədalət mühakiməsini daha əlçatan etmişdir.
Mülki və cinayət-prosessual qanunvericiliyə növbəti yenilik proses iştirakçılarına məhkəməyə gəlmədən videokonfrans əlaqə sistemindən istifadə edilməklə mülki işlər və cinayət işləri üzrə icraatlarda iştirak etmək imkanını nəzərdə tutmuşdur. Həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişlənməsinin növbəti mərhələsi onun istifadəçiləri üçün sənədlərin daha sürətli və rahat mübadiləsini və digər üstünlükləri təmin etmişdir.
Bundan başqa, inzibati prosessual qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə insan hüquqlarının səmərəli və keyfiyyətli qorunması baxımından vətəndaşların məhkəmələrə daha rahat çatımlığını təmin etmişdir. Belə ki, ərazi aidiyyəti ilə bağlı qəbul edilmiş yeni norma artıq vətəndaşlara imkan verir ki, onlar məcburetmə və öhdəliyin icrası haqqında iddialarla bağlı olaraq da özlərinin yaşayış və ya olduqları yerin məhkəməsində iddia qaldıra bilsinlər. Bu yeni tənzimləmə insan hüquqlarının səmərəli və keyfiyyətli qorunması baxımından vətəndaşların məhkəmələrə daha rahat çatımlığını təmin etmişdir. Eyni zamanda, digər dəyişiklik inzibati işlər üzrə iddia ərizələri verilərkən dövlət rüsumlarının ödənilməsi ilə bağlıdır. Qanunvericiliyə edilmiş dəyişikliklərlə İnzibati Prosessual Məcəllədə və “Dövlət rüsumu haqqında” Qanunda mövcud olun uyğunsuzluqlar aradan qaldırılmışdır. Artıq müəyyən olunmuşdur ki, inzibati işlər üzrə iddia ərizələri, eləcə də apellyasiya və kassasiya şikayətlərinin verilməsi ilə bağlı dövlət rüsumları ödənilməcəyəkdir. Bu yanaşmanın qəbul edilməsi inzibati işlərin xüsusiyyətləri nəzərə alınmaqla vətəndaşların hüquqlarının inzibati məhkəmələrdə müdafiəsi üçün daha əlverişli və səmərəli mexanizm yaratmaqla bağlıdır. İnzibati işlərin bir qayda olaraq hakimiyyət səlahiyyətlərini həyata keçirən dövlət orqanlarına qarşı qaldırılmış işlər olduğu nəzərə alındığında, vətəndaşlar həm inzibati icraatın özündə, həm də inzibati məhkəmə icraatında daha çox müdafiəyə ehtiyacı olan tərəflər kimi qəbul edilirlər.
Həmçinin, mülki və kommersiya mübahisələri üzrə məhkəmələrdə işin baxılmağa hazırlanması mərhələsi yenidən işlənmiş, dəyişikliklər işlərə məhkəmə iclasında daha səmərəli şəkildə baxılmasının təmin edilməsinə yönəlmişdir. Tərəflərin tələblərinin və sübutların qabaqcadan bəlli olan müddətlərdə bir-birinə və məhkəməyə verməsi, öz arqumentlərini daha əsaslı surətdə hazırlayaraq təqdim etməsi məhkəməyə tərəflərin mövqeyini daha dəqiq öyrənməyə imkan yaratmışdır ki, bu da son nəticədə məhkəmə icraatının keyfiyyətinin artırılmasına səbəb olmuşdur.
- Məlum olduğu kimi, 2022-ci ilin əvvəlində Ali Məhkəmədə struktur islahatları aparılıb. Bu islahatların aparılması hansı zərurətdən yarandı və ötən bir ildə Ali Məhkəmənin işinə hansı töhfələri verdi?
- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, mülki prosessual qanunvericiliyə Ali Məhkəmədə işlərə baxılma qaydası ilə bağlı edilmiş dəyişiklikləri nəzərə alaraq və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında nəzərdə tutulmuş məqsədləri rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyətinin daha səmərəli şəkildə təşkil etmək üçün Ali Məhkəmənin Aparatının strukturunu yenidən müəyyən etsin.
Azərbaycan Respublikası Prezidentinin tövsiyəsinə uyğun olaraq bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyətinin hüquqi, təşkilati və informasiya təminatını daha səmərəli şəkildə təşkil edilməsi və dövlət qulluğu sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə Ali Məhkəmənin Aparatının strukturu və ştat cədvəli yenidən müəyyən edilmişdir.
Bildiyiniz kimi 2021-ci ilin oktyabr ayından etibarən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə və İnzibati Prosessual Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi işlərə müstəsna hallar istisna olmaqla yazılı icraat qaydasında baxmağa başlamışdır. Bu yeni qaydanın tətbiqi ilə şifahi məhkəmə iclaslarının keçirilməsinə ehtiyac aradan qalxmış və Ali Məhkəmə işini daha səmərəli qurmaq və hüquq məhkəməsi kimi daha keyfiyyətli fəaliyyət göstərmək imkanı əldə etmişdir. Ali Məhkəmənin Aparatı yenidən təşkil edilərkən “Məhkəmə işlərinin idarə edilməsi şöbəsi” təsis edilmiş və onun tərkibində hər məhkəmə kollegiyası üçün ixtisaslaşdırılmış struktur bölmələr və Ali Məhkəmə Plenumun işinin təmin edilməsi struktur bölməsi yaradılmışdır. Bu yeni şöbə Ali Məhkəməyə daxil olmuş işlərin öyrənilməsinə və ilkin qərar layihəsinin hazırlanmasına, hakimlərə təqdim edilməsinə, işlərin daha çevik, obyektiv, hərtərəfli araşdırılmasına, qəbul edilən məhkəmə qərarlarının keyfiyyətinin yüksəldilməsinə, həmçinin məhkəmələrin ayrı-ayrı sahələr üzrə hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin və hüquqi mövqeyinin proqnozlaşdırılan olmasına və bununla da vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət etməkdədir.
Həmçinin keçirilmiş struktur islahatları ilə Ali Məhkəmənin Aparatında “Elektron məhkəmə və İnformasiya texnologiyaları şöbəsi” təsis edilərək, həmin şöbənin nəzdində isə “İnformasiyanın təhlili sektoru”, “Proqramlaşdırma sektoru” və “Sistem inzibatçılığı və texniki dəstək sektoru” yaradılmışdır. Bununla da şöbə Ali Məhkəmənin fəaliyyətinin təhlilini həyata keçirərək məhkəmədə qəbul edilmiş iş fəaliyyətinə əsasən iş proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılmasını, o cümlədən Elektron məhkəmə informasiya sisteminin inkişafı və avtomatlaşdırma dərəcəsinin yüksəldilməsi məqsədilə lazımı tədbirlər görülməsini, Ali Məhkəmənin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqinin həyata keçirilməsini, elektron sənəd dövriyyəsini və məhkəmə işlərinin elektron işlənməsinin təşkil edilməsini təmin edir.
Düşünürəm ki, aparılan struktur islahatları özünü doğruldur. Yeniliklər Ali Məhkəmədə işin təşkilində səmərəliliyi artırmaqla yanaşı işlərə daha keyfiyyətli baxılmasına ciddi töhfə verməkdədir. Ancaq biz bununla kifayətlənmirik. Müasir dünya sürətlə inkişaf edir və biz də bu inkişafla ayaqlaşmaq məcburiyyətindəyik. Ali Məhkəmədə işin daha keyfiyyətli və səmərəli təşkili üçün fəaliyyətimizi daim təhlil edirik, xarici ölkələrin təcrübəsini öyrənirik və buna görə də zərurət olduqda həm müasir texnologiyanın imkanlarından, həm də kadr potensialımızdan yararlanaraq məhkəmə fəaliyətinin daha yaxşı təşkili istiqamətində işlərimizi davam etdiririk.
- Qanunvericilik təşəbbüsü ilə çıxış etmək Ali Məhkəmənin səlahiyyətinə daxil olan məsələdir. Elə ötən il Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi ilə çıxış edildi. Bəs, hazırda hansı qanunvericilik layihələri üzərində işləyirsiniz?
- Ali Məhkəmə qanunvericilik təşəbbüsü qaydasında müxtəlif illərdə digər dövlət orqanları ilə birlikdə hazırlanmış və qəbul olunmuş qanun layihələri ilə çıxış etmişdir.
2022-ci ilin əvvəlində Ali Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə çox sayda, o cümlədən konseptual xarakterli əlavə və dəyişiklikləri nəzərdə tutan işlərə kassasiya instansiyasında yazılı icraat qaydasında baxılması, kassasiya şikayətlərinin vəkillər vasitəsi ilə verilməsi və bu hüquqa malik olan şəxslərin kassasiya, əlavə kassasiya qaydasında icraatlarda vəkil vasitəsi isə təmsil olunması, müəyyən kateqoriyalı cinayətlərə dair işlər üzrə təqsirləndirilən şəxslər irəli sürülmüş ittihamla razı olduqda, belə işlərə sadələşdirilmiş icraat qaydasında baxılması, kassasiya müraciətlərinin və onlara qarşı etirazların xüsusi forması, habelə digər məsələlər barədə qanun layihəsi hazırlanaraq, müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Eyni zamanda bu layihə ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin bir sıra normalarının təkmilləşdirilməsini, müəyyən cinayətlərə görə cəzaların humanistləşdirilməsini nəzərdə tutan dəyişikliklər layihəsi də hazırlanaraq baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuşdur.
Lakin qeyd edim ki, Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə qanun layihələrini təqdim etməsi intensiv xarakter daşımır. Ali Məhkəmə qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin təcrübədə daha çox rastlaşdığı, xüsusən, mülki, inzibati, mülki prosessual, cinayət, cinayət-prosessual, əmək, ailə, torpaq, sosial təminat və sair sahələrdə boşluqların tamlanması, köhnəlmiş normaların müasir dövrün tələblərinə uyğunlaşdırılması və əlbəttə ki, qanunvericiliyin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ifadəsini tapmış müddəalara uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olunması ilə bağlı qanun layihələrinin hazırlanmasında təşəbbüskarlıq göstərir. Bu cür layihələrin hazırlanması isə əsasən qanunvericiliyin ayrı-ayrı sahələri üzrə məhkəmələrdə baxılan işlərin ümumiləşdirilməsi, qarşıya çıxmış problemlərin hakimlərin iştirakı ilə müzakirəsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə nail olunması üçün yolların axtarılması nəticəsində aşkar olunur. Hakimlər hüquqtətbiqetmə sahəsində fəaliyyətlərini həyata keçirərkən qanunvericiliyin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etməsi üçün yollar axtarır və bu prosesdə yaranmış mütərəqqi ideyaların qanunvericiliyə daxil edilməsi üçün təşəbbüslə Ali Məhkəməyə müraciət edir, onların təklifləri öyrənilməklə zəruri hallarda qanunvericilik təşəbbüsü hüququndan istifadə olunur.
Birinci və apellyasiya instansiyası məhkəmələrinin qanunvericilik təşəbbüsü hüququ, yəni həmin məhkəmələrin qanunvericilik təşəbbüsü ilə qanun layihələrini təqdim etməsi səlahiyyəti olmadığından onlar öz təklifləri ilə Ali Məhkəməyə müraciət edirlər. Bu isə ilk növbədə Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü qaydasında hazırlanmış qanun layihələrində insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulmasını, həmçinin qanunvericiliyin insan hüquqları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunluğunun təmin edilməsi məqsədilə qanunvericilik təşəbbüsündən istifadə edilməsini tələb edir.
- Mülki və inzibati işlərə yazılı icraat qaydasında baxılması bəzən müəyyən narazılıqlar doğurur. Belə ki, tərəflərin məhkəmədə iştirakı olmadan, çıxışlar dinlənilmədən çıxarılan qərarların ədalətli olmadığı haqqında fikirlər səsləndirilir. Bu fikirlərə münasibətinizi bilmək istərdik...
- Bu fikirlərə münasibət bildirmək üçün ilk növbədə, kassasiya instansiyası məhkəməsi necə məhkəmədir, hansı səlahiyyətləri var, məhkəmə aktlarını ləğv edərkən, dəyişdirərkən və ya qüvvədə saxlayarkən hansı meyarlar üzrə yoxlama aparır kimi sualları cavablandırmaq lazımdır.
İlk olaraq bilməliyik ki, kassasiya instansiyası məhkəməsi hüquq məhkəməsidir. İşin hallarını müəyyən etmir. Yoxladığı məhkəmə aktları üzrə işin hallarını müəyyən olunmuş kimi qəbul edir. İşin hallarını müəyyən olunmuş kimi qəbul edəndə sübut və faktlara yenidən qiymət verirmi?
Ali Məhkəmə sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu da hüquqi mövqeyini bu cür formalaşdırmışdır.
Bu səbəbdən, Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi olaraq, apellyasiya instansiyası məhkəməsinin aktlarının maddi və prosessual hüquq normalarına uyğunluğunu yoxlayır və bu yoxlama mülki işlər üzrə kassasiya şikayətinin dəlilləri həddində aparılır. Belə olan halda şifahi dinləmələrin aparılmasına da zərurət yoxdur.
Artıq Ali Məhkəmə müəyyən istisnalarla işə bir qayda olaraq yazılı icraat qaydasında baxır. İstisna isə ondan ibarətdir ki, Ali Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə işə şifahi məhkəmə dinləmələri qaydasında baxa biləcəkdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, kassasiya məhkəməsində işlərə yazılı icraat qaydasında baxılması bu gün bir çox inkişaf etmiş ölkələrdə qəbul edilmiş mütərəqqi təcrübədir. Yazılı icraata keçid ölkəmizdə kassasiya məhkəməsində artıq əksər hallarda formallığa çevrilmiş məhkəmə iclaslarının keçirilməsinin qarşısını almışdır. Bu qaydanın tətbiqi ilə Ali Məhkəmə özünün işini daha səmərəli qurmaq və hüquq məhkəməsi kimi daha keyfiyyətli fəaliyyət göstərmək imkanı əldə etmişdir. Bununla bağlı olaraq işdə iştirak edən tərəflərin və onların vəkillərinin məsuliyyəti, xüsusən kassasiya şikayətləri və ona qarşı etirazlara dair tələblər artır. Ona görə də, şifahi icraatdan fərqli olaraq artıq yazılı icraat qaydasında işə baxılacağı nəzərə alınmaqla Ali Məhkəməyə verilən kassasiya şikayətləri və ona qarşı etirazlar vəkillər tərəfindən məzmun etibarilə dolğun tərtib edilməli, orada tərəflərin bütün dəlilləri, xüsusən də maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığına dair mövqe aydın və əsaslandırılmış qaydada təqdim olunmalıdır.