“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun Bakı Apelyasiya Məhkəməsinə şikayət verdiyi bildirilir. Pravda.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan Vidadi Zeynalov Bakı Apelyasiya Məhkəməsinə şikayət vermədiyini deyib:
- Mən apelyasiya şikayəti verməmişəm. Mənim adıma nə var müsadirə ediblər, bir rəhmətlik anamın adına olan nə varsa, o qalıb. Şikayəti verən övladlarımdır. Onların hərəsinin öz ailəsi var. Onlar hərəsi bir yerdə evsiz qalıblar. Onlar yazıblar ki, yaşadığımız evləri qaytarın.
- "Rabitə işi" ilə bağlı adınız çox hallanıb, barənizdə çox yazılıb, məşhurlaşmısız, diqqət mərkəzinə gəlmisiz. Barənizdəki hökmdən şikayət vermək fikriniz varmı?
- Yox, boş şeydir hər şey. Bu gün rahat oturmuşam, sərbəst yaşayıram. Yeyib-içməyim var, ətrafımda sinif yoldaşım, qrup yoldaşım, kəndçim, qonşum. Günümü keçirirəm Yevlaxda.
- Əvvəllər Şamaxıda Məlhəm kəndində yaşayırdınız. Yaxınlıqdakı Çuxuryurdda “Rose Park” adlı restoranınız da vardı. Qalırmı sizdə?
- Onda bizi çıxartdılar, qaynımın evində gedib qalırdım. Həmin vaxt Yevlaxdakı evimizin üzərinə də həbs qoyulmuşdu. Yevlaxdakı evimizi Ali Məhkəmə “stop”dan çıxardı. Çünki atam 26-cı ildə həmin evdə anadan olub. Elə bu həyətdə anadan olub. Anam da dözmədi buna, rəhmətə getdi dərddən. Üzərindən həbs qərarı götürüləndən sonra yığışıb gəldim bu evə.
- Övladlarınız nə işlə məşğul olur?
- Biri “Narxoz”da “meskom” idi. Öz ərizəsi ilə işdən çıxdı. Əvvəllər “can” deyənlər aralı durub salam verməyə can çəkdilər. İndi də özü üçün ora-bura qaçır, dolanır. Qızım Prezident Administrasiyasında işləyirdi, o da oradan çıxdı. Gedib haradasa bir firmada işləyir. Balaca oğlum da özü üçün elə əvvəldən biznes qurub. Oradan pomidor, buradan xiyar alıb ora-bura satır. Belə başını fırladır.
- Müsadirəyə götürülən əmlakın dəyərinin 45 milyon manat olduğu cinayət işinin materiallarında yer alıb. Bu əmlakın alındığı pulun mənbəyi haqda nə deyə bilərsiz?
- Boş şeydir. Yazırlar da. Gedin İsmayıllıda baxın, cəmi 12 belə torpaq var, üst-üstə yığanda cəmi 3 hektar yarım torpaqdır. Bunlar həmin torpaqları 700 neçə min manata yazıblar. İsmayıllıda ən yaxşı yerdə torpağın hektarı 5 min manatdır. Gedib yazıblar da, qiyməti şişirdiblər, şou yaradıblar. Qəbələdə o vaxt dostum vardı, dedi ki, gəl fındıq bağı salaq. Oğlumla, mənimlə yox. Oğlum gəldi, dedi ki, ata, belə bir iş eləyirlər. Olar mən də gedim iş qurum orada. Oğlumun qrup yoldaşı idi, kim idi. İki nəfərə gedib Bum kəndində adama 30-40 sot olmaqla 5-6 torpaq aldılar. O torpaqları da 400-500 min manat yazıblar. Yox bir, 40 milyon, 50 milyon... Onun yarısını gətirib versinlər, siyahıda nə yazıblar götürsünlər. Heç yarısını yox, üçdən birini versinlər, görək o qiymət alınır, ya yox...
- Yasamalda 5 mənzilə 700 min qiymət qoyublar. Bu da real qiymət deyil?