Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, səfir Mariya Viktoriya Romero Kabalyero etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında coğrafi məsafənin uzaq olmasına baxmayaraq, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib.
Səfir də ölkələrimiz arasında əməkdaşlıq üçün çoxlu imkanların mövcudluğunu qeyd edib, xüsusilə enerji, investisiyalar, elm, təhsil və digər sahələrdə geniş potensialın olduğunu vurğulayıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Səfir Meksikanın Qoşulmama Hərəkatı yanında müşahidəçi dövlət olaraq Azərbaycanın Hərəkatın sədri kimi təşəbbüslərini izlədiyini və ölkəsinin “Cənub-Cənub” əməkdaşlıq prosesini dəstəklədiyini vurğulayıb.