Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ildə keçirdiyi tenderlərdən bir neçəsi şübhəli məqamları ilə diqqət çəkir. Reportyor.info xəbər verir ki, söhbət xüsusilə, 2022-ci il ərzində qazandığı uğurlara görə istedadlı uşaqların mükafatlandırılması üzrə tədbirin və “İnsan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün nəzərdə tutulmuş Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası üzrə və 2022-ci ilin ikinci yarım illiyi üzrə komitənin öhdəliyində olan tədbirlərin təşkili işlərinin satın alınmasından gedir.
Birinci satınalama müsabiqəsinin qalibi olub “NT Texno” MMC olub. Şirkətlə bağlanan müqavilənin maliyyə dəyəri 30300 AZN təşkil edir. Müqavilənin şərtlərindən məlum olur ki, bu məbləğ1 günlük tədbir üçün məkanın icarəsinə (70 nəfərlik), uşaqlar üçün kofe fasiləsinə, 1 günlük zalın tərtibatına, “İstedadlı uşaqlar 2022” adlı 1.5 dəqiqəlik video-rolikə (1 ədəd), bannerə (1 ədəd), xüsusi dizayn olunmuş çantalara (70 ədəd) , xüsusi dizayn olunmuş qələmlərə (70 ədəd), bloknotlara (70 ədəd) və proyektor screen ekrana (1ədəd) sərf ediləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından məlum olur ki, “NT Texno” MMC 21 iyun 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Tahirov Nazim Əbdüləli oğludur.
Şirkət və onun qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. “NT Texno” MMC-nin əlaqə nömrəsinə və veb-səhifəsi də yoxdur.
Burada maraqlı ondan ibarətdir ki, şirkət yarandıqdan 4 ay sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi tenderin qalibi olub. Dövlət satınalmalarının vahid internet portalından məlum olur ki, komitə ilə şirkət arasında müqavilə oktyabr ayında bağlanıb. Şirkət isə iyun ayında qeydiyyata alınıb.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübəsin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması lazımdır. Dörd ayın şirkəti olan “NT Texno” MMC-nin bu şərtlərə cavab verdiyi inandırıcı görünmür. Hər halda adi veb-saytı olmayan bir şirkətin güclü maddi-texniki bazaya malik olduğuna inanmaq çətindir.
İndisə keçək komitənin keçirdiyi tədbirə. Bu tədbirin nə zaman, harada keçirildiyi barədə internet resurslarında, hətta komitənin öz saytında belə, məlumat tapmaq mümkün deyil. Fikrimizcə, komitə bu barədə açıqlama verməlidir.