9 fevral 2020-ci il tarixdə növbədənkənar seçkilər nəticəsində formalaşan hazırkı parlamentin buraxılması yenidən gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, yayılan məlumatlarda parlamentin buraxılması ilə yanaşı, referendum keçiriləcəyi də iddia olunur. Hətta dairə və məntəqə seçki komissiyalarında hazırlıqların başladığı da deyilir.
Referendum məsələsi hələ bir müddət əvvəl gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, hakimiyyət konstitusiya islahatları aparmaq niyyətindədir. İslahatlar çərçivəsində proporsional seçki sisteminin bərpa ediləcəyi də xüsusi vurğulanırdı. Həmin ərəfədə siyasi partiyalarla dialoq prosesinin başladılması, qeydiyyatı olmayan bəzi partiyaların bu problemin həlli referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi barədə yayılan məlumatların əsassız olmadığına şübhələri artırırdı. Eyni zamanda müşahidələr göstərirdi ki, hakimiyyətdə bu məsələ ilə bağlı yekdil mövqe yoxdur. Çünki parlamentin buraxılması, proporsional seçki sisteminin bərpasının əleyhinə danışan hakimiyyət nümayəndələri də var idi.