BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: İran səfirliyimizə edilmiş terrora görə ən azı mənəvi məsuliyyət daşıyır

“Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehranda yerləşən səfirliyinə silahlı terror hücumu olub. Nəticədə səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov qətlə yetirilib, iki nəfər digər əməkdaş isə yaralanıb. Allahdan şəhidimizə rəhmət diləyir, yaralılarımıza tezliklə sağalmağı arzulayıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

A.Əliyev bildirib ki, terror hadisəsinin baş verdiyi anın təhlükəsizlik kameralarına düşmüş kadrlardan göründüyü kimi hücumu törədən fiziki cəhətdən cüssəli, davranış baxımından isə hazırlıqlı və soyuqqanlıdır: “Bu isə hücumun təsadüfi və ya şəxsi xarakterli deyil, məhz əvvəlcədən planlaşdırılmış terror hadisəsi olduğun qənaətinə gəlməyə əsas verir. İran hüquq mühafizə orqanlarının hücum edən şəxsin iki uşağı ilə səfirliyə girdiyini bəyan etsə də, kadrlardan göründüyü kimi orada heç bir uşaq yoxdur. Hadisə qurbanlarının sayı daha çox bilərdi. Yalnız səfirliyimizin təhlükəsizlik xidməti əməkdaşının sayıqlığı, fədakarlıq və qəhrəmanlığı sayəsində terror qurbanlarının sayı daha da artmamışdır. Vyana Konvensiyasına əsasən, İran İslam Respublikası səfirliyimizin təhlükəsizliyinə məsuliyyət daşıyır. Amma İran hökuməti bu vəzifəsini yerinə yetirməmiş və yaxud yerinə yetirmək istəməmişdir. Amma İran heç olmasa hadisənin istintaqını obyektiv surətdə araşdırmalı, terror əməlinin arxasında dayananların aşkar edilib cəzalandırılmasını təmin etməlidir. Bizi bunu İrandan tələb edirik. Əks təqdirdə, İranın Ermənistanla daha bir ortaq xüsusiyyəti bir daha təsbit olunacaq: bu xüsusiyyət terrora dəstək vermək mahiyyətidir”.

 

Sədr müavini vurğulayıb ki, çoxdandır ki, İrandakı terrorçulardan bizə qarşı təhdidlər eşidilirdi: “Buna görə də İran hakimiyyətin və müvafiq orqanlarının bu terror hadisəsinin baş verəcəyindən əvvəlcədən xəbərdar olmadıqlarına inanmaq çətindir. Amma hətta fərz etsək onların bundan əvvəlcədən xəbəri olmayıb, o halda belə, İran hökumətinin, rəsmi dairələrinin və mətbuatının Azərbaycana qarşı apardığı geniş böhtan və düşmənçilik kampaniyasını, eləcə də nifrət çıxışlarını nəzərə aldıqda, İran bu hadisəyə görə ən azından mənəvi məsuliyyət və cavabdehlik daşıyır. İran nə beynəlxalq hüquqa, nə də  etikaya sığmayan bu davranışlarına son qoymalı, dinc və normal qonşuluq münasibətlərinə qayıtmalıdır. Qonşu ölkəyə nifrət və düşmənçilik təbliğ etməkdənsə, öz daxili problemlərinə diqqətini yönəltməli və İranda tüğyan edən etirazlara daha həssas yanaşmalıdır”.

Tarix: 27 Yanvar 2023, 16:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin