“Son bir ilə nəzər yetirəndə, digər ölkələrdəki səfirliklərimizə hücumlar təşkil olunsa da, heç biri bu gün Tehranda baş verənlər kimi olmayıb. İranda olanlar tamamilə başqa xüsusiyyətlər malik bir hücumdur, çünki burada ölüm faktı var”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Millət vəkili Azərbaycan səfirliklərinin hədəfə alınması məsələsini şərh edib. V. Əhmədov əlavə edib ki, bu hücumun arxasında çox ciddi məsələlər durur:
“Faktiki olaraq, bu, Azərbaycan dövlətinə qarşı olan bir hücumdur. Cənab Prezident də bu hücumu terror aktı adlandırdı. Hesab edirəm ki, bu yanaşma tamamilə doğrudur. Bu hücumun arxasında müəyyən qüvvələr dayanıb”.
Deputatın qənaətinə görə, son dönəmlər İran-Azərbaycan münasibətlərində, ən əsas da 44 günlük müharibədən sonra müəyyən problemlər üzə çıxdı:
“İranın Ermənistanın yanında olmağı sübut olundu və müharibədən sonra da İran analoji addımlar atdı. Həmçinin, İranın daxilində olan son hadisələr, mitinqlər, cənubdakı soydaşlarımızın incidilməsi və s. hadisələr bizdə etirazlara səbəb oldu. Onlar da bunlardan narahatdırlar”.
Müsahibimiz qeyd edib ki, bu gün İranın daxilində çox ciddi problemlər var və onlar istəyirlər ki, bu problemləri xaricə çıxarsınlar:
“Onlar gəldi Xudafərin körpüsünün ətrafında hərbi təlimlər keçirdilər, bizimkilər də sentyabrda səfirlik qarşısında etiraz mitinqi təşkil etdilər. Daha sonra başqa-başqa hadisələr, o cümlədən Ermənistan siyasi elitasının üzvlərinin Tehranda qəbul edilməsi, Baş nazir Paşinyanın həyat yoldaşının yuxarı başda oturdulması və s. kimi hadisələr oldu. Hətta belə hadisələr kifayət qədərdir. Ona görə ki, bu dövlət açıq-aydın Azərbaycanın müstəqilliyini istəmir, buna hörmətlə yanaşmır və dövlətimizin apardığı açıq siyasəti qəbul edə bilmir, müəyyən təhdidlər edir”.