Yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.
Pravda.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Cənab Prezident, ilk növbədə Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəkdir. Biz bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bir çox məsələləri müzakirə etdik və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi.
Biz bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki, bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda - istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk.
BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir.
Biz bu gün regional təhlükəsizlik məsələlərini müzakirə etdik və eyni zamanda, gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək üçün fikir mübadiləsi apardıq. Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəmizi gücləndirmək qərarına gəldik, buna böyük ehtiyac var. Çünki beynəlxalq terrorçuluq bütün dünya üçün böyük təhdiddir və bu təhlükəyə qarşı ancaq səylərin birləşdirilməsi nəticəsində uğurla mübarizə aparmaq mümkün olacaqdır.
Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır. Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzlanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər.
Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi. BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq.
Biz, eyni zamanda, bu gün ticari-iqtisadi məsələləri geniş müzakirə etdik. Ötən il Azərbaycanda Hökumətlərarası Müştərək Komissiyanın iclası keçirilmişdi və komissiyanın növbəti iclası ərəfəsində bu gün hörmətli qonağımla əldə edilmiş razılaşmaları biz həyata keçirməliyik ki, növbəti iclasda artıq konkret addımlar atılsın. Sahələr də müəyyən edilmişdir - əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi. Burada da böyük imkanlar var.
Mən deyə bilərəm ki, hörmətli cənab Prezident, Sizin tərəfinizdən aparılan islahatlar Misir dövlətinin imkanlarını böyük dərəcədə gücləndirə bilmişdir. Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır. Biz bunu çox təqdir edirik və əldə olunmuş nailiyyətlərlə öz dostlarımızı səmimiyyətlə təbrik edirik.
Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz.
Bir çox başqa layihələr də müzakirə edilmişdir. Bu gün bu mətbuat konfransından sonra nahar zamanı biz işgüzar müzakirələri davam etdirəcəyik.
Bir daha hörmətli Prezidentə Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Dost və qardaş Misir xalqına daim rifah və firavanlıq arzulayıram. Sağ olun.
x x x
Sonra Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bəyanatla çıxış etdi.