İran kəşfiyyatının ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki və hərbi sahələrdə Tehrana xidmət etmək üçün 3500 şiə informatoru Azərbaycanda yerləşdirdiyi iddia edilib. Bu şəxslər azərbaycanlı qadınlarla evlənərək Bakıya sızıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.
Türk nəşri qeyd edir ki, Azərbaycan kəşfiyyatı 1997-2011-ci illərdə xüsusi proqram çərçivəsində baş vermiş sızmanı aşkarlayıb və dindirilən İran agentləri cinayətlərini etiraf ediblər:
“İranın sızma əməliyyatı və casuslarının deşifrə edilməsi ilə 700 şiə informatorun Azərbaycandan qaçdığı üzə çıxıb.
Azərbaycan mənbələrindən əldə etdiyimiz məlumata görə, projeyə 1996-cı ildə Tehranda “Azərbaycan Masası” adlı xüsusi bölmənin yaradılması ilə start verilib. İlk iş olaraq İranın kəşfiyyat xidməti “Şazimani İttilaat” və SEPAH əməkdaşlarından 4000 kəşfiyyatçı seçilib və bu şəxslər Azərbaycanın coğrafiyası, dili, mədəniyyəti ilə bağlı xüsusi təlimlərdən keçiblər. İranın Azərbaycandakı səfirliyindən Tehran rejiminə yaxın ailələrlə bağlı genişmiqyaslı araşdırma tələb edilib. Bundan sonra müəyyən edilən isimlərlə əlaqə saxlanılaraq evlilik mərhələsinə başlanılıb.
Azərbaycanın təhlükəsizlik mənbələri bildirirlər ki, tarixdə bu projenin başqa nümunəsi yoxdur. Yaxalanan iranlı informatorlar həyat yoldaşlarını kataloqdan seçdiklərini deyiblər. İran agentlərinin ilk işi azərbaycanlı arvadlarının “Rəhbər” adlandırdıqları Xameneyiyə beyət etmələrini, namazlarını və digər ibadətlərini şiələrə uyğun olaraq yerinə yetirmələrini təmin etmək olub. Müxtəlif kamuflyaj üsullarından istifadə edən agentlər Azərbaycanda məskunlaşdıqdan sonra onlara göstərilmiş istiqamətlər üzrə kəşfiyyat məlumatları toplamağa və bu informasiyaları Tehrana göndərməyə başlayıblar.
Azərbaycan qanunlarına əsasən evləndikdən 5 il sonra əldə etdiyi vətəndaşlıq hüquqları ilə daha geniş imkanlar qazanan İran agentlərinin missiyaları da dəyişdirilib. Vətəndaşlıq hüququ olanlar daha strateji sahələrə yönəldilib. Bəzi informatorlar ciddi kapitalla kommersiya sahəsinə cəlb olunarkən, digərləri mülki və hərbi, diplomatiya, siyasət, QHT, mədəniyyət, incəsənət və ilahiyyat kimi sektorlara sızıblar”.