Bu gün Xalq artisti Mübariz Tağıyev doğum gününü qeyd edir. İrəvan şəhərində doğulan, Axundov adına məktəbdə orta təhsil alan Mübariz müəllimin 75 yaşı tamam olur. O, ötən illəri bir də xəyal süzgəcindən keçirib, yaşanmış günləri yada salıb. Ad günü ərəfəsində öz təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən müğənni deyib:
- Yaşa dolduqca, həmişə doğulduğun, ilk dəfə dünyanı dərk etməyə başladığın, ilk sevgini tapdığın yerlərə can atırsan. Doğma yerlər həmişə səni özünə çəkir. Aradan nə qədər illər keçsə də, yenə həmin yerlərə getmək, uşaqlıq xatirələrini təkrar yaşamaq istəyirsən. Təəssüf ki, bu, mənim üçün mümkün deyil. Çünki mən Azərbaycanın qədim şəhərlərindən olan İrəvanda doğulub boya-başa çatmışam. Evimiz şəhərin düz ortasında yerləşən azərbaycanlılar məhəlləsində, hamının tanıdığı məşhur Gedərçay deyilən yerdə idi. İndiki kimi xatırlayıram, məhəlləmizdə iki müsəlman məscidi var idi. Tez-tez məhəlləmizin sakinləri dini mərasim və ayinləri icra etmək üçün ora yığışar, dərd-sərlərini bölüşərdilər. Uşaq vaxtı nənəmin məni tez-tez ora aparması yaddaşımda ən əziz xatirə kimi yaşayır. İndi nə o məscidlər qalıb, nə məhəlləmiz, nə də ki, orada bir azərbaycanlı. Mənə qalan yalnız o yerlərlə əlaqədar heç vaxt unudulmayan xatirələrdir...
Orta məktəbin V-VI siniflərində oxuyanda idmanla məşğul olurdum, üzgüçülük sahəsində uğurlarım da vardı. O illərdə Nizami İsmayılov, mən və Eldar İsmayılovdan ibarət özfəaliyyət kollektivimiz vardı, tədbirlərdə iştirak edərdik, sözün düzü, çıxışlarımız heç də pis qarşılanmırdı.
- O vaxtlar azərbaycanlılara qarşı münasibət necə idi? Yaddaşınızda hansı hadisələr iz salıb?
- Məktəbimiz İrəvandakı stadionun yanında idi. “Neftçi” və “Ararat” komandaları oynayanda şəhərdəki azərbaycanlı uşaqlarla yığışıb azarkeşlik edərdik. Biz çox az idik və sevimli komandamızın qələbəsinə sevinəndə ermənilər bizə çox nifrətlə baxırdılar. Bir dəfə hətta dava da düşdü... Yadımdadır, hələ o dövrdə biz oxuyan məktəbi iki dəfə yandırdılar. Çox şeylər olub, adam bilmir hansını xatırlasın...
- Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə - “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”, - dedi. Həmin tarixi görüşü izlədikdən sonra bir qərbi azərbaycanlı kimi sizdə hansı hisslər yarandı?
- Həmin görüşü böyük qürur və sevinc hissi ilə izlədim. Prezident İlham Əliyevin dediyi: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” sözlərini bir daha xatırladım. Deməli, məqam, zaman indi yetişib. Görüşdən sonra az bir vaxtda hazırlanaraq təsdiqlənən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə də tanış oldum. İnamım birə-beş artıb, o yerləri bir də görəcəyimə böyük ümidim var.
- Uzun illər Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmisiniz və təzyiqlərlə üzləşmisiniz...
- Orta məktəbi bitirdikdən sonra İrəvan Pedaqoji İnstitutuna daxil oldum. Üçüncü kursda oxuyanda Ermənistanda gənc istedadların musiqi müsabiqəsi keçirildi. Müsabiqənin sədri əslən Bakıdan olan, Ermənistanın estrada orkestrinin rəhbəri Konstantin Orbelyan idi. Açığını deyim ki, erməni dilini mükəmməl bilirdim, onların mahnılarını özlərindən yaxşı oxuyurdum. Müsabiqədə qalib gəldim. İndi münsiflər və təşkilatçılar bilmirdilər ki, azərbaycanlı gənci necə müsabiqənin qalibi elan etsinlər. Odur ki, müsabiqənin birinci mükafatını iki nəfərə - erməni qıza və mənə verdilər. Qəribəsi isə o idi ki, müsabiqəni geniş işıqlandıran “Sovet Ermənistanı” qəzeti birinci yerin qalibinin erməni müğənni olduğunu yazmışdı, mənim adımı da çəkməmişdi. Bax erməni xisləti belədir.
- Sizi Bakıya üz tutmağa vadar edən nə oldu?
- 1970-ci illərin əvvəllərindən başlayaraq, ermənilərdə şovinizm hisslərinin gücləndiyini hiss edirdik. Bir dəfə estrada orkestri ilə qatı erməni daşnaklarının yaşadığı Abovyan şəhərində konsert proqramı ilə çıxışımız oldu. Hamımıza tanış olan Kərkük bayatılarını oxuyurdum. Birdən konsertin şirin yerində, zalın ortasından bir erməni qalxıb qışqırdı: “Heç türkün yeridir bura? Bu mahnını niyə oxuyursan?” Orkestrin rəhbəri başı ilə mənə fikir verməməyi işarə etdi. İfamı bitirib səhnəni tərk etdim. Amma ürəyimə artıq xal düşmüşdü. Öz-özümə dedim, demək bizimki buraya qədərmiş. 1972-cü ildə əsgər getdim, əvvəl Tiflisdə, Zaqafqaziya Hərbi Donanmasında, daha sonra isə Həştərxan vilayətində xidmət keçdim. Xidmət müddətində də hərbi orkestrdə solist kimi çıxış edirdim. Kollektivimiz konsert proqramı ilə bütün keçmiş ittifaqın respublikalarında qastrol səfərlərində olmuşdu. Bir gün xəbər tutdum ki, qarnizon dəyib bir-birinə, general məni axtarır. Sən demə, hərbi hissəyə korifey sənətçimiz Rəşid Behbudovun imzası ilə məktub daxil olub və o, məni Bakıya öz kollektivinə dəvət edir. Həmin dəvətdən sonra Bakıya gəldim və bir də İrəvana - mənə doğma olan o yerlərə qayıda bilmədim.
Bakıya gələndən sonra Rəşid müəllimin ansamblında çıxış etməyə başladın. Onunla işləmək mənim üçün əsl xoşbəxtlik idi. İlk vaxtlarda Rəşid müəllim mənə çox köməklik etdi, repertuar seçimində heç bir problem olmadı. Deyirdi ki, çalış öz yolunu tap. Buraya gələnlər, adətən məni yamsılamaq istəyirlər ki, xoşuma gəlsinlər. Sən isə özün kimi oxu, sənətdə özünü axtar tap. 15 il birlikdə çalışdıq. Demək olar ki, dünyanın əksər ölkələrində konsertlər verdik, elə ölkələr var idi ki, 10-12 dəfə təkrar qastrol səfərində olduq.
- Ailə mənşəyiniz haqqında da öyrənmək maraqlı olardı...