Bu gün Sabunçu rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın iştirakı ilə sabiq deputat Qalib Salahzadəyə məxsus bağ evinə baxış keçirilib.
Pravda.az xəbər verir ki, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1,2 və 3 ünvanlarında olan əraziyə baxışda həm iddiaçı (Qalib Salahzadə və qohumları), həm də cavabdeh tərəfin (Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu) nümayəndələri iştirak ediblər.
İddiaçılardan biri Əminağa Camalov bildirib ki, sözügedən bağda 8 ev var: “Biz həmin evlərdə daimi yaşamaq hüququ olmaqla qeydiyyatdayıq. 1990-cı ilərin əvvəllərində tikilmiş evlərdir. Uzun müddət biz burada yaşamışıq. Evlərə baxış prosesində ustalar da iştirak ediblər. Onlar da evlərin bizə məxsus olduğunu təsdiqləyiblər. Təəssüf olsun ki, özünü Rəsul Quliyevin yaxını kimi təqdim edən Ağasif Şakiroğlu hansısa ünvana aid olan torpağa dair çıxarışı əlində bayraq tutaraq bizim bağ evlərimizə sahiblənib. Onun əlindəki çıxarış tamam başqa ünvana aiddir. Bizim tələbimiz odur ki, Ağasif Şakiroğlunun çıxarışının ünvanı dəqiqləşdirilsin və bizim evləri tərk eləsin”.