Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Pravda.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə iştirakına görə Kadri Simsona təşəkkürünü bildirdi. Prezident İlham Əliyev ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədə uyğun olaraq, ölkəmizin qaz istehsalını 2027-ci ilədək artırmaq niyyətində olduğunu və Aİ-yə üzv ölkələr arasında qurulan interkonnektorlar vasitəsilə yeni bazarlara çıxış imkanlarının yarandığını diqqətə çatdırdı.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Yaşıl enerji üzrə nazirlərin 1-ci iclasının, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında nazirlər səviyyəsində görüşün keçiriləcəyini qeyd etdi.
Ölkəmizin bərpaolunan enerji sahəsində böyük resurslarının olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış sənədin də ölkəmizin bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin Avropa bazarına çıxarılması üçün böyük perspektivlər vəd etdiyini bildirdi.
Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılacaq müzakirələr nəticəsində yeni təşəbbüslərin və ideyaların yaranacağına ümidvar olduğunu qeyd etdi.