BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azercell Telekom” MMC: Şəhidimizə qarşı hər hansı məhkəmə iddiası qaldırılmayıb

“Azercell Telekom” MMC Pravda.az xəbər portalında dərc edilən ““Azercell”dən  rüsvayçılıq: Şəhidimizi məhkəməyə verdi” başlıqlı yazı ilə bağlı mövqeyini açıqlayıb.

 

Pravda.az-a daxil olan məlumatda bildirilib ki, Azercell öz biznesini şəffaflıq və dürüstlük üzərində qurmağı zəruri hesab edir, lakin saytda dərc olunan yazıda şirkətin fəaliyyətinə aid məlumatlar “Azercell Telekom” MMC-nin nüfuzuna xələl gətirmək, insanlarda şirkət haqda mənfi rəy formalaşdırmaq, şirkətin müsbət yöndə olan fəaliyyətinə kölgə salmaq cəhdi təəssüratını yaradır.

 

“Məsələyə aydınlıq gətirmək üçün aşağıdakı məqamlara toxunmaq istərdik:

 

Pavda.az Tribunainfo.az-ya istinadla xəbər verir ki, Azercell Gəncə şəhidi Məmmədov Araz Adil oğlunu məhkəməyə verib. İlk iclasın isə 15 fevral tarixinə təyin edildiyi qeyd edilib.

 

Qeyd etmək istərdik ki, yazıda qeyd edilənlər həqiqətə uyğun deyildir və əsassız olaraq dərc edilmişdir. Məqalədə adı çəkilən şəhidimizə qarşı “Azercell Telekom” MMC tərəfindən hər hansı məhkəmə iddiası qaldırılmamışdır.  Eyni ad və soyada malik olan şəxslə bağlı məhkəmə icraatındakı işə dair məlumatların qərəzli şəkildə şişirdilərək ictimaiyyətə təqdim edilməsi sadəcə təəssüf doğurur.  “Azercell Telekom” MMC 44 günlük Vətən müharibəsindən dərhal sonra, hələ 2020-ci ilin dekabr ayında ordumuza ehtiram əlaməti olaraq  müharibədə şəhid olan abunəçilərinin borclarını tam şəkildə bağışlamışdır. Bu barədə məlumat KİV vasitəsilə  təqdim edilmişdir və şirkətin rəsmi internet səhifəsində, sosial media hesablarında dərc edilmişdir.  Azercell şəhid olmuş əsgərlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək müvafiq təsdiqedici sənədlərlə Müştəri Xidmətlərinə yaxınlaşmağı və ya şirkətin email ünvanlarına skan edilmiş sənədləri göndərməyi xahiş etmişdir. Ətraflı: https://www.azercell.com/az/about-us/press-releases/news/azercell-vtn-meharibsind-hid-olmu-v-yaralanmi-hrbcilrin-faktura-borcunu-bagiladi.html. Bildiririk ki, borclu nömrələrə dair əməliyyatlar sistem tərəfindən avtomatlaşdırılmış şəkildə yerinə yetirilir və borcların silinməsi şirkətə bu nömrələr ilə bağlı daxil olan fərdi müraciətlər əsasında icra edilir.

 

Xatırladaq ki, “Azercell Telekom” MMC Vətən müharibəsinin başlandığı ilk gündən etibarən Azərbaycan xalqının və ordunun yanında olub. Şirkət müharibədə şəhid olan Röyal Cəfərovun ailəsini himayəsinə götürüb. Azercell Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb, erməni terroru ilə üzləşən Gəncə və Bərdə şəhərlərindəki abunəçilərinə, o cümlədən hərbi əməliyyatların gedişini işıqlandıran media nümayəndələrinə rabitə dəstəyi göstərib. “Azercell Telekom” MMC işğaldan azad olunan ərazilərdə ilk mobil infrastrukturu quraşdırıb və hazırda bu ərazidə şəbəkəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndirməyə davam edir.

 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq saytda dərc edilən qərəzli məqalə ilə bağlı bu təkzibin dərc edilməsini, həmçinin gələcəkdə “Azercell Telekom” MMC-nin fəaliyyətinə aid məlumatların dərcindən əvvəl jurnalist etikasına uyğun olaraq aparılan araşdırma çərçivəsində “Azercell Telekom” MMC-nin mövqeyinin nəzərə alınmasını xahiş edirik”, - məlumatda qeyd olunub.

Tarix: 3 Fevral 2023, 18:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin