Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “360Marcom” MMC (VÖEN – 1701981231) olub. Müsabiqənin şərtlərinə görə “360Marcom” MMC KOBİA-nın sifarişilə Lənkəran şəhərində Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətinin davam etdirilməsi, Mərkəzdə Lənkəran və ətraf rayonlardan olan KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətlərini həyata keçirəcək və qarşılığında 427 min 160 manat alacaq.
Məlumat üçün bildirək ki, “360Marcom” MMC 14.07.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Buxta, ev 14, m.1/2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Şirəli Kamal oğludur.
Marketinq və kommunikasiya xidmətləri sahəsində fəaliyyət göstərən “360Marcom” MMC yalnız KOBİA tərəfindən keçirilən tenderlərdə qalib olur. MMC daha əvvəl KOBİA-nın keçirdiyi daha 5 tender müsabiqəsində qalib olub. Son 2 ildə “360Marcom” MMC-nin KOBİA-dan aldığı vəsaitin ümumi məbləği 1 milyon manata yaxındır.