Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra onun iqtisadi təsir imkanlarını zəiflədilməsi prosesinə start verildi. Talıbovun nəzarətində olan Azərbaycandakı iri biznes subyektləri əlindən alındı, eyni zamanda onun xaricdəki biznesi ilə bağlı araşdırmalara başlanıldı. Hər halda bu barədə yerli mediada gedən məlumatlar təkzib olunmayıb.
Vasif Talıbovun biznes imperiyasına əl qoyulması onunla bağlı baş verənlərin kökündə iqtisadi səbəblərin dayanması barədə mülahizələrə səbəb oldu. Lakin keçmiş sədrlə bağlı atılan müəyyən addımlar prosesin heç də iqtisadi səbəblərdən qaynaqlanmadığı barədə ehtimalları artrıb.
Oğlu Seymur Talıbovun işdən çıxarılması, ona yaxın kadrların ard-arda vəzifələrini itirməsi, yaxın vaxtlarda keçmiş sədrin deputat mandatını da itirəcəyi barədə məlumatlar "xan”ın mərkəzi hakimiyyətin yürütdüyü siyasətə zidd kurs tutması barədə hələlik pıçıltı ilə səsləndirilən iddiaların əsassız olmadığı qənaətini möhkəmləndirib.