Ermənistan ordusunun 44 günlük müharibədə Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş əsgəri Hayk Melikyanın anası Naira Melikyan ölkəsinin müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan və ona yaxın adamların fırıldağı ilə üzləşib.
Naira Melikyan bu barədə “NEWS.am”a müsahibəsində bildirib.
Naira Melikyanın sözlərinə görə, ona oğlunun guya sağ olması və Azərbaycan həbsxanalarından birində saxlanıldığı bildirilib. Qadın söylənilənlərə inanıb və oğlunu geri qaytarmaq üçün 7 min ABŞ dolları verib. Lakin oğlu geri qayıtmayıb, bir il sonra övladının şəxsiyyəti Rusiya sülhməramlıları tərəfindən çıxarılan meyitlər və qalıqlar arasında DNT testləri ilə təsdiqlənib.
Bundan sonra Naira Melikyan Milli Təhlükəsizlik Xidmətinə (MTX) müraciət edib. Hazırda iş məhkəmədədir. Qadının sözlərinə görə, bu işin arxasında uzun illər əvvəl tanıdığı şəxs, müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan dayanır. Naira Melikyanın sözlərinə görə, hazırda iş üzrə təqsirləndirilən şəxs olan Qraat Mxeyan keçmiş yüksək vəzifəli məmur vasitəsilə dələduzluq yolu ilə ondan pul ala bilib.
“Oğlumun yoxa çıxmasından telefon danışığı zamanı xəbər tutan Şirxanyan iş yerimə baş çəkdi və kömək təklif etdi. Dedi ki, övladımın öldürülməsi ilə barışmamalıyam, çox güman ki, dustaq kimi Azərbaycan həbsxanalarından birindədir. Dedi ki, oğlumun taleyini öyrənməyə çalışacaq”, - Naira Melikyan bildirib.
Qadınla sabiq nazir müavini arasında əlaqə vatsap vasitəsilə həyata keçirilib. Qadının dediyinə görə, Şirxanyan növbəti görüşə Qraat Mxeyanı da özü ilə gətirib, onu əməliyyatçı və müdafiə nazirinin xüsusi köməkçisi kimi təqdim edib.