Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vilavan İyapohenin etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu bildirdi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, həmçinin turizm imkanlarının və biznes strukturları arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanla Laos arasında həm BMT, həm də Qoşulmama Hərəkatı çərçivəsində yaxşı əlaqələrin olduğunu və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin önəmini qeyd etdi. Prezident İlham Əliyev BMT-dəki islahatlar çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin rotasiya əsasında BMT Təhlükəsizlik Şurasında təmsil olunması ilə bağlı Azərbaycanın təklifinin əhəmiyyətini vurğuladı.
Səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını dövlətimizin başçısına çatdırdı.