Fevralın 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş virtual görüşdə iştirak edib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, QMİ sədri Allahşükür Paşazadə BMT-nin “Dünyada sülh və birgə yaşamaq naminə Qardaşlıq Sənədi”nin prinsip və dəyərlərinin davamlı təşviqinə, dünyada dinlərarası dialoq və əməkdaşlıq işinə dəyərli töhfələr verən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosa Azərbaycanın dövlət başçısının salamlarını yetirib. Xüsusi vurğulayıb ki, Zati-müqəddəsləri Papa Fransisk və Əl-Əzharın Baş imam ət-Tayyib həzrətləri arasında Abu-Dabidə imzalanmış «Qardaşlıq Sənədi» sənədi kimi dünyada insan həmrəyliyinə xidmət edən bütün ideya və təşəbbüslər, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi, habelə ölkəmizin təşəbbüsü ilə başlayan BMT səviyyəsində «Mədəniyyət naminə Sülh» qlobal kampaniyası dünyada sülh və birgə yaşamaq amallarına xidmət edir.
Şeyxülislam din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərinin, milyonlarla insan üçün xüsusi həssasiyyət kəsb edən dini hisslərin, rəmz və müqəddəsliklərin təhqiri hallarının qarşısının alınması zəruriliyinə diqqəti yönəldib. Bildirib ki, bu yaxınlarda bəzi Avropa ölkələrində - İsveç və Niderlandda radikal şəxslər tərəfindən Quranın yandırılması, Qüdsdə və Peşəvərdə törədilən terror hücumları olduqca təhlükəli təzahürlərdir. O, Tehrandakı səfirliyimizə insan itkisi ilə nəticələnən terror hücumunu diqqətə çatdıraraq, bunu beynəlxalq hüquqa zidd təxribat aktı, Azərbaycan dövlətinə, xalqımıza birbaşa təhdid kimi qiymətləndirdi və bütün cəmiyyətləri, siyasi, ictimai və dini liderləri buna sərt münasibət sərgiləməyə dəvət edib.