Mediamız üçün nəfəslik olacaq yeni bir müjdə gəlir. Qəzet və saytlara verilən maddi yardımlar vergidən azad ediləcək. Vergilər Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi bir neçə gün öncə Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsində müzakirə olundu və dəyişikliklərin qəbul ediləcəyi gözləntisi böyükdür.
Əslində, bu gözlənti illərdir Azərbaycan mediasında var. İstər uzaq 90-cı illərdə, istərsə indi media dövlətdən vergi güzəştlərinin edilməsini istəyib. Məsələ zaman-zaman gündəmə gəlib də, lakin hər dəfə nələrsə, yaxud kimlərsə bu müsbət işin qarşısına "daş" qoyub. Halbuki, vergi güzəştləri indiyə qədər tətbiq olunsaydı, mediamız inkişaf edər, hər halda hazırkı vəziyyətdən daha öndə olardı, həm təminat, həm də peşəkarlıq baxımından. Dünya təcrübəsi də təsdiq edir ki, mediada peşəkarlıq təminatdan asılıdır, maliyyə təminatı normal olan redaksiyalar daha peşəkar fəaliyyətə üstünlük verir, gəlir əldə etmək üçün “sarı mətbuat” olmaq yolunu tutmur, eləcə də həm qanuna, həm jurnalistika prinsiplərinə zidd yollara baş vurmurlar. İndi bunu, illərin gözləntisini Media Agentliyi həyata keçirmək istəyir. Bunu hər kəs alqışlamalıdır.
Bu, mediada başlayan və artıq müsbət effektini gördüyümüz islahatların tərkib hissəsidir.
İslahatlar bir-birini tamamlayan iki kateqoriyada həyata keçirilir.
Birincisi, medianın peşəkarlaşması, neqativ halların aradan qaldırılmasıdır.
“Media haqqında” qanunun qəbulu ilə bütün media sektoru – çap və onlayn media qanunvericiliklə tənzimləndi. Bu, dövlətin onlayn mediaya yardım ayırmasını təmin etməklə yanaşı, həm də qanunvericilikdən kənarda qalan bu sahəni reketçiliyin oylağına çevrilməsinin qarşısı alındı. Əslində, hazırda “narazılıq” edənlər də məhz həmin qruplardır. Media Reyestrinin yaradılması da reketlərlə mübarizədə ən mühüm addımlardandır.
Bununla yanaşı, medianın peşəkarlaşması məqsədilə, mütəmadi təlimlərin keçirilməsinin də effekti böyükdür. Bu təlimlərdə peşəkar fəaliyyətlə yanaşı, media subyektlərinin maliyyə mənbələrinin tapılması, biznes planının hazırlanması kimi əhəmiyyətli tədris prosesi həyata keçirilir.
İkincisi, medianın təminatı istiqamətində mühüm işlər görülüb.
Bura dövlətin ayırdığı maliyyə dəstəyinin ədalətli bölgüsündən tutmuş sıravi jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılmasına qədər çoxvektorludur.