Vəkillər Kollegiyası Türkiyədə zəlzələdən zərərçəkənlərə 1 milyon lirə məbləğində yardım ayırıb.
Bu barədə Kollegiyadan məlumat verilib.
Yardım barədə bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbədənkənar onlayn iclasında qərar verilib.
Kollegiyanın sədri Anar Bağırov qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində zərərçəkən insanlar və Türkiyə Vəkillər Kollegiyasının üzvlərinə maddi yardım təşəbbüsü ilə çıxış edib.
Sədr baş vermiş fəlakətin və çox sayda insan itkisinin Azərbaycan xalqını dərindən sarsıtdığını bildirib: "Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı bu məsələdə də öz təsdiqini tapıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göndərilib və bu yardımlar davam edir. Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Eyni zamanda vətəndaşlarımız da yardım kampaniyası başladıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri dünya üçün qardaşlıq nümunəsidir".
A.Bağırov yardım kampaniyası ilə bağlı vəkillər tərəfindən çoxsaylı müraciətlərin daxil olduğunu diqqətə çatdırıb: "Bu baxımdan hesab edirəm ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq bu məsələyə biganə yanaşmamalı, türkiyəli qardaşlarımızın yanında olmalı və onlara hər cür dəstək göstərməliyik. Təklif edirəm ki, bu məqsədlə Vəkilliyin İnkişaf Fondundan həm zəlzələdən zərərçəkən Türkiyə xalqına, həm də bu ölkənin Vəkillər Kollegiyasına maddi dəstək göstərək. Çünki bu, hər bir Azərbaycan vəkilinin istəyidir. Ona görə də bu yardımda rolu olan, türkiyəli qardaşlarımıza dəstək ifadə edən hər bir vəkilimizə dərin təşəkkürümü bildirirəm".