Azərbaycanda koronavirusa yoluxanların sayında əvvəlki günlərlə müqayisədə ciddi artım var.
Pravda.az-ın xəbərinə görə, hazırda yoluxanların ümumi sayı 584 nəfərə yüksəlib. Bu da gözlənilən idi. Çünki bir çox ölkələrdə daha böyük faciələrə səbəb olan virus Azərbaycanda martın sonuna qədər ilkin-ibtidai mərhələsini yaşayırdı.
Azərbaycanda bütün strukturların fəaliyyəti koronavirus infeksiyasının yayılmasının qarşısını almağa səfərbər olunub. Bu səfərbərlik yalnız insanların hərəkətlərinə məhdudiyyətin qoyulması ilə deyil, ən əsası səhiyyə sahəsində ciddi yeniliklərin baş verməsində də özünü göstərir. Azərbaycanın xaricdən ölkəyə gətirdiyi və koronavirus diaqnozu qoymaqda əsas olan testlərin sayının artması bu məsələdə önəmli rol oynayır. Bu isə daha çox insanı yoxlayaraq onların bu infeksiyaya yoluxub- yoluxmadığını ortaya çıxarır.
Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tanınmış həkim Kamran Musayev bildirir ki, testlərin sayının artırılaraq xəstəliyin ilkin mərhələdə müəyyən edilməsi müalicənin effektivliyi baxımından müsbət addımdır.
Məsələn, qonşu Ermənistanda cəmi 7994 test, yəni Azərbaycandan 5 dəfə az yoxlama aparılmasına baxmayaraq, yoluxmaların sayı 800 nəfəri ötüb. Testlərlə yanaşı Azərbaycanın hazırda bu xəstəliyi aşkar etmək üçün dünyada mövcud olan ən müasir və bahalı laboratoriyaları alaraq ölkəyə gətirməsi də önəmli rol oynayır.