Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun APA-ya müsahibəsi
- Türkiyədə baş verən zəlzələ hər birimizi kədərləndirdiyi kimi, həm də düşündürür. Azərbaycan ciddi zəlzələlərə hazırdırmı?
- Ölkəmizin çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşir. Bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin - investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. Təbii ki, istənilən fəlakətdən tam qorunmaq mümkün deyil. Lakin təbii fəlakətlərdən mümkün qədər az zərərlə çıxmaq üçün səy göstəririk. Azərbaycanda elə tikililər var ki, onların yaşı 100 illərlə ölçülür. Bunlar arasında orta əsrlərə aid memarlıq abidələri, XX əsrin birinci yarısında tikilmiş binalar var. Hansı ki, onlar heç bir seysmik normalara uyğun inşa olunmayıb. Hətta sovet dövrünün birinci yarısında Azərbaycanda ümumiyyətlə seysmik normalar olmadığından ovaxtkı tikililər üçün belə bir tələb də irəli sürülməyib. Ölkə ərazisində ilk dəfə 1960-cı illərin əvvəllərində seysmik tələblər formalaşdırılıb və 7 ballıq zəlzələyə davamlılıq tələbi qarşıya qoyulub. Seysmik tələblərə uyğun binaların tikintisi də məhz həmin tarixdən başlayır. 80-ci illərdə bu, bir qədər də təkmilləşdirilərək, 8 bala çatdırılıb. Nəhayət, 2010-cu ildə seysmik ərazilərdə tikinti sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradıldı. Bu, Dövlət Tikinti Normaları “Seysmik Rayonlarda Tikinti” adlanır. Yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən artıq daha sərt tələblər ortaya qoyur.
Bakı şəhərində tikinti bumu 90-cı illərin sonlarında başlayıb və 2000-ci ilin 25 noyabr zəlzələsi zamanı kifayət qədər yeni tikilmiş binalarımız var idi. Həmin vaxt 4,5 maqnituda və 6,5 intensivliyi olan zəlzələdə yeni tikilmiş binaların heç biri zərər görmədi, hətta konstruktiv elementləri cüzi də olsa zədələnmədi. Bunu nəzərə alsaq, deyə bilərəm ki, bu gün daha da sərtləşdirilmiş tikinti norma və qaydalarına uyğun inşa olunmuş binalar yəqin ki, onlardan daha davamlıdır. İkinci növbədə qeyd etmək lazımdır ki, bu müddət ərzində nəzarət mexanizmləri də dəyişib. 2013-cü ildə mənim də müəlliflərindən olduğum "Şəhərsalma və Tikinti Məcəlləsi" Milli Məclisdə qəbul olunub və Prezident tərəfindən imzalanaraq qüvvəyə minib. Bu gün tikinti subyektləri bu məcəllə əsasında fəaliyyət göstərir. Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq normativ-hüquqi və normativ-texniki sənədlər qəbul olunub. Bu sənədlər əsasında layihələndirmə icraatı, tikintiyə icazə icraatı və tikintinin gedişinə nəzarət icraatı həyata keçirilir ki, bu da sovet dövründən 2013-cü ilə qədər olan nəzarət formalarından kifayət qədər sərt və daha mükəmməldir.
- AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, 2019-cu ildən sonra tikilən binalara seysmoloji rəy verilməsi üçün onlara müraciət edilməyib. Bu, kifayət qədər ciddi açıqlamadır. Yəni, 2019-cu ildən bu yana tikilən binalara icazə seysmoloji rəy olmadan verilib? Bəs bu rəy olmadan binaların tikintisinə necə icazə verilib?
- Bilirəm ki, bu məsələ əhali arasında böyük bir ajiotaj yaradıb. Özüm sosial şəbəkələrdən uzaq olsam da, yaxınlarım, dostlarım deyir ki, sosial şəbəkələrdə bu haqda yazırlar və böyük panika yaranıb. Qeyd edim ki, bizim tikinti norma və qaydalarında, eyni zamanda, məcəllədə layihələndirmə mərhələsində seysmik tələblər kifayət qədər öz əksini tapıb və buna riayət olunur. Heç bir normativ hüquqi sənəddə Seysmoloji Xidmət Mərkəzinə müraciət və onlardan rəy alınması nəzərdə tutulmayıb. Bu, heç sovet dövründən qalma normativ sənədlərdə belə yoxdur. Lakin praktikada belə bir şey var idi və bəli, bu, 2019-cu ilə qədər davam edib. Seysmoloji Xidmət Mərkəzinin əsas vəzifələri respublikanın seysmik xəritəsinin, mövcud yaşayış məntəqələrinin seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması, seysmologiya sahəsində elmi-tədqiqat işlərinin aparılması, zəlzələlərin proqnozlaşdırılması və digər bu qəbildən olan məsələlərlə bağlıdır. Mərkəz tərəfindən hazırlanan bu xəritələr əsasında ayrı-ayrı obyektlərin layihələndirilməsini və tikintisini aparmaq olmaz.
- Belə aydın olur ki, bu xəritələr tikinti zamanı heç bir əhəmiyyət daşımır? Bəs binanın neçə bal zəlzələyə davamlı tikilməsi hansı yolla müəyyənləşdirilir?
- Həmin xəritələrdən şəhərsalmada ərazilərin ümumi planlarının, yaşayış məntəqələrinin baş planlarının hazırlanmasında istifadə edilir. Çünki bu xəritələr ümumi xarakter daşıyır və konkret ərazilərin mahiyyətini tam açmaq iqtidarında deyil. Bizim məcəlləyə və tikinti normalarına görə, bu xəritələr əsasında seysmik ərazilər müəyyən olunur və hər bir investor tikintiyə başlayanda, buna əsasən ərazisinin seysmik zona olub-olmadığını bilir. Daha sonra hər bir investor, layihəçi layihədən əvvəl konkret tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparır. Bu zaman süxurlardan nümunələr götürülür, onların xüsusiyyətləri araşdırılır, analizlər aparılır, ərazinin seysmik dəyərləndirilməsi və hesabatlar hazırlanır. Konkret ərazinin seysmik həssaslığına əsasən də hansı bala uyğun bina tikilməsi müəyyənləşdirilir. Sonra bu hesabat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Geoloji Mərkəzə verilir və orda geoloji axtarış işlərinin düzgün metodika ilə aparıldığı, seysmik fonun dəyərləndirilməsi bir daha yoxlanılır. Daha sonra rəy layihəçilərə təqdim edilir və onlar geoloji axtarış işlərinin nəticələrinə uyğun olaraq binanın konstruksiyasını hesablayırlar. Layihə hazır olduqdan sonra bütövlükdə geoloji hesabat da daxil olmaqla Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunur və orada bir daha ekspertizadan keçirilir. Gördüyünüz kimi, bu məsələlər kifayət qədər araşdırılır və üçqat yoxlamadan keçir.
- Elxan müəllim, geoloji axtarış işlərinin aparılması ilə məşğul olan özəl şirkətlər də var. Bəs onların apardığı araşdırmaya nə dərəcədə inanmaq olar? Sifarişçi daha az vəsait xərcləmək üçün süxurların vəziyyətinin tikinti üçün daha əlverişli olduğu barədə rəyin yazılmasına çalışa bilər.
- Düzdür, ölkədə müstəqil olaraq geoloji axtarış işləri aparan özəl şirkətlər də var. Lakin onlar işi yerinə yetirir, yoxlama və nəzarət şirkətlər tərəfindən yox, qeyd etdiyim kimi, dövlətin müvafiq qurumu tərəfindən aparılır. Ölkəmizdə fəaliyyət göstərən dövlət layihə institutlarının demək olar ki, hamısının geoloji xidmət laboratoriyaları və şöbələri var.
- Qurban Yetirmişli eyni zamanda bildirib ki, Azərbaycanda, xüsusilə Bakıda tikilən çoxmərtəbəli binanın bir bloku 8 ballıq zəlzələ zonasına, digəri isə 9 ballıq zəlzələ zonasına düşür. Belə hallar varsa, qarşısı niyə alınmır?
- Seysmoloji Xidmət Mərkəzinin tərtib etdiyi xəritələrdə 4-5 rayonun və regionların əraziləri əhatə olunur. Ola bilsin ki, o seysmik xəritələrdə 8 balda nəzərdə tutulan ərazidə bir-birinin yaxınlığında iki binanın 8 və 9 bala hesablanması tələb oluna bilər. Bu, geoloji axtarış işlərində öz əksini tapır və layihələndirmədə nəzərə alınır. Lakin dediyim kimi, seysmik xəritələr əsasında ayrı-ayrı obyektlərin tikintisini aparmaq mümkün deyil.
- Belə məlumatlar var ki, Bakının relyefi və tektonik quruluşu 9 mərtəbədən yuxarı binaların tikintisinə imkan vermir. Bu məlumat nə dərəcədə əsaslıdır? Bakıda 9 mərtəbədən yuxarı binaların tikintisinin qadağan olunması məsələsi gündəmə gələ bilərmi?
- Xeyr, bu belə deyil. Bu fikirlər əsassızdır. 2010-cu ilə qədər ölkə ərazisində 39 metrə qədər rabitəli dəmir-beton karkas binaların tikilməsinə icazə verilirdi. Tikinti normaları təkmilləşdirildikdən sonra artıq 58 metr hündürlüyündə rabitəli dəmir-beton monolit karkas binaların tikintisinə icazə verilir. Bu gün hətta Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar. Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin. Geoloqlar ərazidə işlədikdən sonra müəyyənləşdirir ki, ərazidə hansı bala uyğun bina tikilməlidir. Artıq onun neçə mərtəbəli olmasının fərqi yoxdur. Əgər baş plan imkan verirsə, layihəçi 20-30, hətta 40-50 mərtəbəli bina da layihələndirsə, bunu tələb olunan bala hesablamalıdır. Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harda icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur. Ötən illərdə Yaponiyada baş vermiş zəlzələ yəqin ki, yadınızdadır. 9 bala yaxın bir zəlzələ baş verdi və gördüyünüz kimi, ərazidə 70-90 mərtəbəli binaların heç biri uçmadı. Sadəcə alçaqmərtəbəli köhnə binalar dağıldı. İnsan tələfatı isə əsasən zəlzələnin yaratdığı sunamidən oldu. Deməli, layihələndirmə düzgün aparılıb və tikinti işləri də layihəyə uyğun icra edilib.