Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də San-Marino Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Con Matsanın etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, səfir Con Matsa etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı bildirib ki, ölkələr arasında siyasi, iqtisadi, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur və bu xüsusda təmaslar daha da fəallaşdırılıb.
Prezident İlham Əliyev San-Marino rəhbərlərinin 2015-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırladıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlığını ifadə edib.
Səfir Con Matsa ölkələr arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb, San-Marinonun Azərbaycanla münasibətləri dərinləşdirməkdə, siyasi, həmçinin mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. O, bundan sonra mütəmadi əsasda Azərbaycana səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə görüşlər keçirəcəyini və əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.