Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin prorektorlar siyahısından çıxarılıb.
Qaynarinfo mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycanda vəzifəli şəxslərin prorektor qohumlarının siyahısını araşdırıb.
Məlum olub ki, əksər universitetlərdə vəzifəli şəxslərin qohumları prorektor (direktor müavini) vəzifəsində çalışır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin qardaşı Fəhrad Möhbalıyev Əmək və Sosial Münasibətlər Akademiyasının Tədris və elmi işlər üzrə prorektorudur. İddiaya görə, akademiyanın rektoru Hüseyn Qaraşov olsa da, sözügedən təhsil mərkəzini qeyri-rəsmi olaraq Fəhrad Möhbalıyev idarə edir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşı Şahin Pənahov Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorudur.
Yeri gəlmişkən, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Səhər Hidayət qızı Orucova Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli sabiq səfiri, Əməkdar incəsənət xadimi Hidayət Orucovun qızıdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini Məhbubə Məmmədova sabiq nəqliyyat naziri Ziya Məmmədovun bacısıdır.