Türkiyənin Kahramanmaraş vilayətində baş vermis, minlərlə insanın ölümünə, yüz minlərlə insanın evsiz qalmasına səbəb olmuş 7.7 ballıq zəlzələdə minlərlə yaşayış binasının dağılması bir çox Bakı sakinində narahatlıq və suallar yaradıb: Bakı yüksək ballı zəlzələ üçün təhlükəsiz şəhərdimi? Binalar neçə ballıq zəlzələyə davamlıdır? BBC News Azərbaycanca mütəxəssislərlə və aidiyyətli dövlət qurumları ilə danışaraq bu və digər suallara cavab tapmağa çalışıb. Bakıda zəlzələ aktivliyi ilə bağlı vəziyyət necədir? Bakı seysmik, 8-9 ballıq zəlzələ zonasında yerləşən şəhərdir. Bu isə o deməkdir ki, Bakıda 8-9 bal gücündə də zəlzələ baş verə bilər. Amma mütəxəssislər bunun 50-100, hətta daha çox illərdən sonra baş verə biləcəyini ehtimal edir.
“Yaxın zaman üçün Bakıda heç bir dağıdıcı zəlzələ olması ehtimalı yoxdur”, - AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli BBC-yə bildirib.
Bakıda tikilən binalar hansı normalara əsaslanır?
Azərbaycanda “Seysmik rayonlarda tikinti” normaları 2010-cu ildə yaradılıb. Buna qədər tikintidə sovet dövründəki normalara istinad edilirdi. 2013-cü ildə isə “Şəhərsalma və Tikinti Məcəlləsi” parlamentdə qəbul olunub və Prezident fərmanıyla qüvvəyə minib. Hazırda ölkədə tikinti aparanlar bu Məcəllə əsasında fəaliyyət göstərir.
Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq qəbul edilmiş normativ-hüquqi və normativ-texniki sənədlər əsasında layihələndirmə, tikintiyə icazə və tikintinin gedişinə nəzarət həyata keçirilir ki, bu səlahiyyət də Fövqəladə Hallar Nazirliyindədir.
Bakıda tikilən binaların zəlzələyə davamlılığı necə müəyyənləşdirilir?
Azərbaycanda binaların təhlükəsizliyi və zəlzələyə davamlı olub-olmaması ilə bağlı rəy verən qurum Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir.
Bakıda bina tikintisinə başlayan hər bir şirkət tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparmalıdır. Yəni, o, bina tikmək istədiyi ərazinin süxurlarından nümunələr götürüb yoxlatmalıdır.
Bakıda geoloji axtarış işlərini həm özəl şirkətlər, həm də dövlət qurumları aparır. Lakin yekun rəyi FHN-nin Baş Ekspertiza İdarəsi verir. Qurumun cavabından sonra isə ərazinin seysmik həssaslığına uyğun bala görə bina tikilməsinə icazə verilir.
FHN-dən BBC -yə bildirirlər ki, Bakıda onların rəyi ilə tikilən bütün binalar Bakının seysmik quruluşuna uyğun təyin olunur. Yəni, 8-9 ballıq zəlzələyə davamlı ərazilərdə tikilir.
Türkiyədə baş vermiş zəlzələdən sonra bir həftədir ki, rəsmilər yerli mediada “ölkədə tikintinin keyfiyyəti yüksək səviyyədədir və baş verə biləcək zəlzələlərə davamlıdır” - deyərək şəhər sakinlərini Bakının təhlükəsizliyinə əmin etməyə çalışırlar.
FHN-dən BBC-yə deyiblər ki, nə onların qurumu, nə tikilmiş binanı istismara qəbul edən əvvəlki qurumlar binaların, xüsusilə zəlzələyə davamlılğı məsələsinə göz yumub belə bir məsuliyyətsizliyin altına girməzdilər.
Bakıda tikilən binaların tikinti materialları nə dərəcədə etibarlıdır?
Bakı sakinləri 2007-ci ildə, Yasamal rayonundakı Məhəmməd Naxçıvani küçəsi 14-də çoxmərtəbəli binanın tikilərkən qəfildən çökməsini unutmayıb. Bu hadisə zamanı 25 nəfər dağıntılar altında qalaraq həlak olmuşdu.
O zaman rəsmilər bildirmişdilər ki, texniki təhlükəsizlik qaydalarına əməl olunmamasına görə həmin binanın tikintisinə icazə verilməyibmiş.
Türkiyədə yaşanan zəlzələdən sonra Bakı sakinlərinin yaşadıqları binanın necə tikilməsi ilə bağlı narahatlığı yenidən artmağa başlayıb. Bəzi əmlak mütəxəssisləri yerli mediaya bildirir ki, Bakıda bina tikən şirkətlərin bir çoxunun tikintiyə nəzarət üçün təyin etdiyi şəxslər onların “yaxın ətrafları” olur. Həmin şəxslərin isə tikintidən "anlayışı olmadığı üçün" çox vaxt bina üçün nəzərdə tutulan tikinti materiallarını "kənarda satmaqla" məşğul olurlar. Nəticədə isə bina tikinti qaydalarına və normalara zidd tikilir.
FHN-nin müvafiq qurumunun rəis müavini Elxan Əsədov yerli mediaya bildirir ki, Bakıdakı tikinti materialları qurumun Sadıq Dadaşov adına Elmi Tədqiqat İnstitutu tərəfindən yoxlanılır:
“Tikinti meydançasına daxil olan hər beton qarışdıran maşından nümunələr götürülərək təhlil edilir. Həmçinin armatur materialının keyfiyyəti, markaya uyğunluq məsələləri yoxlanılır. Bundan başqa, gətirilən liftlərin, qapı-pəncərə, santexnik materiallarının və sairin sertifikata uyğunluğu tikinti müfəttişliyi tərəfindən təhlil edilir və bundan sonra istifadəsinə icazə verilir”.
Bakıda son hiss olunan zəlzələ 2000-ci ildə baş verib. 6,8 bal gücündə olan həmin zəlzələnin episentri Xəzər dənizi olmuşdu. Lakin o zaman Bakıda fəlakətlə nəticələnən dağıntılar olmamışdı.
Bakıda yeni çoxmərtəbəli yaşayış binalarının kütləvi tikilməsinə isə 2000-ci illərin ortalarından başlanılıb.