“Bəzən deyirlər ki, hansısa rolu yaxşı oynamaq üçün aktyor onun həyatını yaşamalıdır. Nə dəxli var? Fahişə rolunu oynamaq üçün mütləq fahişə olmaq lazımdır? Bu, savadsız yanaşmadır. Realistik oyun üslubunun üstündə mütləq sənət meyarı dayanmalıdır”.
Bu fikirləri kulis.az-a müsahibəsində aktyor Nofəl Şahlaroğlu səsləndirib. Aktyorla müsahibəni təqdim edirik.
- Əvvəlcə “Körpü” serialından başlayaq. İdeya kimdən gəldi və sizin orada baş rol almanız necə baş verdi?
- Bu, Emil Quliyevlə üçüncü işimdir. İstedadlı adamdır. Nə etmək istədiyini də çox yaxşı bilir. Ona görə də, belə bir serialda oynamağa razılaşdım. Materiala baxdıq, ilkin versiyanın bir çox yerində dəyişikliklər etdik. İndiyə qədər serial haqqında müxtəlif fikirlər səsləndirilib. Tənqid edən də olub, tərif edən də. Amma məni bir nəfər də tənqid etməyib. Bu, məni bir qədər qorxudur. Bir aktyoru heç kim tənqid etmirsə, ya o çox əhəmiyyətsiz, ya da fundamental oynayıb. Fundamental oynamadığımı bilirəm.
- Serial yerli kommersiya seriallara satirik yanaşma ilə başladı. İTV-nin güclü resurs dəstəyi və dövlət dəstəyi ilə çəkilən bir serialın kommersiya seriallarına belə yanaşması nə dərəcədə düzgündür?
- Məsələ hansısa serialın pis çəkilməsindən getmir. Fikir versəniz, görərsiniz ki, səkkiz seriyada da mənim canlandırdığım qəhrəman aktyordur və o, təkcə seriala çəkilmir. Mənasız teletamaşada da iştirak edir, mənasız reklamda da çəkilir. Orada qeyd edirəm ki, aktyorlarımızın çoxu divarla oynayır. Bu, həqiqətdir. Elə vaxt olub özüm də adam əvəzinə ağacla oynamışam. Çünki oynadığım aktyordan o enerjini ala bilməmişəm.
- Bəlkə onların da maliyyə dəstəyi olsa, belə iş görərdilər?
- Mən belə deməzdim. Özüm minimalistəm. Elə olub ki, iki manat veriblər, 20 manatlıq iş görmüşəm. Adam var ona 150 min də versən, əlindən heç nə gəlmir. Bir iş ortaya qoya bilmir. Amma Emil Quliyevin, söhbət təkcə “Körpü” serialından getmir, ən adi, primitiv işləri, demək olar ki, büdcəsiz çəkilib. Onların da necə uğurlu alınması göz qabağındadır. Emil nə istədiyini bilir. Elə götürək “İkinci Pərdə”ni. Pis filmdir deyib baltalaya bilmərik. Klassika olmasa da, kinomatoqrafiyada müəllif filmi kimi ondan danışmaq olar. Təbii ki, büdcə olanda, daha yaxşı işlər görmək olur.
- Çoxseriyalı bədii film nə deməkdir?
- Çoxseriyalı bədii film ona görə deyirlər ki, həmin serial bir kamera ilə çəkilir. Azərbaycan efir məkanlarında heç bir serial bir kamera ilə çəkilməyib. İmkan olmadığı üçün yox. Bədii film normalda bir kamera ilə çəkilir. Onu beş kamera ilə çəkmək olmaz. Ad çəkməyəcəyəm, amma beş kamera ilə çəkən adamlar var. Eyni anda kameraları yandırırlar. Elə bir çəkilişə emosiyasız yaxın, orta və uzaq kadrları çəkirlər. Bununla da yekunlaşır. Bu isə iş deyil, xalturadır.
- “Körpü”dəki obrazınızda boşluqlar olduğunu düşünürsünüzmü?
- Düzü, obrazımda nələrin çatmadığını bilmirəm. Orada həqiqəti demək istəyən biri onu bütün insanların dilindən deyirdi. Hətta ssenariyə dəyişikliklər də əlavə etmişəm. Montaj olunanda, oturub 8 seriyaya da baxmışam. Orada bir insanın həm sevgi, həm atasına bağlı ailə-məişət problemi, həm işindəki boşluqlar, savadı olmayan istedadlı birini heç kimin qəbul etməməyi göstərilib. Bir insanın maksimum xarakterini açmaq üçün çoxlu detal lazımdır. Bu, sırf aktyor oyunu ilə bağlı məsələdir. Nə dərəcədə öhdəsindən gəlmişəm, onu tamaşaçılar daha yaxşı bilər.
- Ümumiyyətlə, serialda boşluqlar var idi? Siz necə tənqid edərdiniz?
- Bir saytda bu serial haqqında yazılmışdı. Yazıda texniki tərəflər yox, dramaturji tərəfləri tənqid edilmişdi. Çox xoşuma gəlmişdi. Qeyd olunmuşdu ki, serialda problem qoyulub, həlli tam olaraq göstərilməyib və yaxud problem havada qalıb. Bu, rejissor və ya mənimlə bağlı olan məsələ deyil. Dramaturji material yazırlar. Çəkəndən sonra görürsən ki, artıq söz yığınıdır. Həmin hissələri çəkib çıxarandan sonra da həllini göstərə bilmirsən. Bəzən də hansısa materialı işləyəndən sonra deyirsən ki, kaş bunu belə verərdim. Məsələn, orada bəzi məqamlar var ki, özüm rejissora bildirdim. Tutaq ki, mənim atam adamları, ruhları öldürür. Niyə? Çünki manyak idi. Bu insanın psixi əqli problemləri var, tam razıyam. Amma onu daha açıq, daha detallı göstərmək olardı. Serialda bəzi qəhrəmanlar var ki, onların daxili tam göstərilməyib. Məsələn, anamın yoxluğunu da hansısa bir detalla qeyd etmək olardı. Bunlar Emilin problemləri deyildi. Serialda ikinci xətt demək olar ki, yox idi. Hadisələr bir qəhrəmanın üzərində cəmlənmişdi. Çünki ssenari təsdiqlənmişdi və bizim vaxt məhdudiyyətimiz var idi.
- Seriala sosial çarx kimi yanaşan izləyicilər əsas hekayəni geri atırdı. Bu, sizi narahat edirdi?
- Əslində, bu, yenilik deyil. Dünyada kökündə sosial mesaj dayanan çoxlu film var. Amma bu mesajlarda daha xırdalıqlara getmək yaxşı deyil. Məsələn, siqareti yerə atmaq olmaz mesajının verilməsi mən deyərdim ki, 8 seriyanın içində vurğulanan digər mesajlarla nisbətdə kölgədə qalır.
- Ustaların ev yiyəsini aldatması da kiçik problemdir. Bir seriyada qadın zorakılığını, digərində siqareti yerə atmağı vurğulamısınız. Daha qlobal problem tapa bilərdiniz.
- Bəli. Amma bəzən xırda şeylər sonrakı problemlərə yol açır. Məsələn, bir binada işığın sönməsinə fikir vermirsən, sonra bütün ərazidə işıq sönür. Orada qeyd olunan bullinq məsələsi də kifayət qədər ciddi məsələ idi.
- Serial hansı janrdadır?
- Bu sualı çox adam verir. Bəzən olur, kinematoqrafiyada filmin janrı erotika yazılır. Baxanda görürsən ki, kinoda erotikaya aid bir şey yoxdur. Vizual təsvir baxımından açıq səhnələr çox olduğundan janr kinematoqrafiyada erotika hesab olunub. Əslində isə art filmdir. Alman rejissorun “Cənnət sevgi, cənnət məhəbbət, cənnət arzu” adlı üçlü trilogiyası var. Film bir insanın taleyindən, sıxıntısından bəhs etsə də, açıq-saçıq səhnələrə görə “Google”da janrı erotika göstərilib.
“Körpü” serialında da mövzu ruhlar aləmi ilə bağlıdırsa, janr avtomatik olaraq mistika olmalıdır. Amma filmin dili, qəhrəmanların tərzi belə deyil. Məsələn, mənim oynadığım qəhrəman yas yerinə gedib kimləsə dava edir. Bu, mistika deyil axı. Və yaxud bullinq səhnəsində qorxu elementlərinə baxıb serialın qorxu janrında olduğunu deyə bilmərik.
- Təxminən Kyeslovskinin “Dekaloq”una yaxın bir iş alınıb. Oradan təsirlənmə olub?
- Dünyada ayrı-ayrı adamların çəkdiyi oxşar filmlər olub. Bu, normal bir şeydir. Əsas sənin təqdimatındır. Fransızlar 1934-cü ildə xəstə ataya oğulun baxması filmini çəkiblər. İspanlar da, italyanlar da bunu ediblər. Bütün ölkələrdə xəstə ata və ona baxan oğul ola bilər. Olduqca təbiidir. Buna oğurluq deyə bilmərik. Məsələ rejissorun yanaşmasından asılıdır. Bir iranlı rejissor ilə italyan, fransız və ya azərbaycanlı rejissorun yanaşması təbii ki, eyni olmayacaq. Bir-birindən bəhrələnmək, mövzu götürmək olar. Öz dəsti xətti olan adamlar bunu edə bilər.
Mən oynadığım qəhrəmanı həmişə özüm düşünmüşəm. Bizdə aktyorların çoxu özlərini digər aktyorlara bənzədirlər. Məsələn, Yaşar Nurinin obrazına baxıb onun kimi oynayırlar. Uğurlu alınmır. Başa düşmür ki, bu adam bir tapıntı olub, gəlib, gedib. Başqa biri onu əvəzləyə bilməyəcək. Üslub oxşarlığım olsa da, özümü kiməsə bənzətmək, onun kimi oynamaq istəməmişəm.
- Kumiriniz var?
- Yox. Mənim üçün üslub, janr var. Amma çox bəyəndiyim və oyun tərzinə heyran olduğum rus aktyor Andrey Mironovdur. Adamın oynamadığı bir şey qalmayıb.
- Sizi ancaq komediya janrında görmüşük. Böyük aktyor isə bütün janrlarda özünü sınamalıdır. Bu, sizi narahat edir?