Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə 1992-93-cü illərdəki hakimiyyətlə bağlı dolğun məlumat verdi. Xüsusilə gənc nəsil Azərbaycanın keçdiyi tarixi yolu, hansı çətinliklərin, mürəkkəb proseslərin baş verdiyini bilməlidir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, AXC - Müsavat cütlüyünün hakimiyyəti dövründə dövlətlərarası münasibətlər dağılmışdı: “Ətraf ölkələrlə münasibətlər ciddi şəkildə pozulmuşdu, ikitərəfli və çoxtərəfli əlaqələr zədələnmişdi. Türkdilli ölkələrlə də münasibətlərdə ciddi gərginlikər yaranmışdı. Təsəvvür edin, Özbəkistanın Prezidenti o dövrdə Azərbaycanın Baş Naziri vəzifəsini icra edən şəxsi qəbul etməmişdi. Çünki hakimiyyət Özbəkistanın daxili işlərinə qarışmaqda ittiham edilirdi. Digər türkdilli dövlətlərin rəhbərlərinə hansı dildə danışmaqları, "demokratik" dəyərlərin cəmiyyətə aşılanması ilə bağlı göstərişlər verməkdə özlərində cürət tapırdılar. Rusiya ilə münasibətlər kəskin şəkildə pozulmuşdu. Baxmayaraq ki, Rusiya qonşumuzdur, xeyli sayda soydaşımız orada yaşayır. İranla da münasibətlər gərgin idi, sərhəddə tez-tez təxribatlar baş verirdi. ABŞ-la münasibət normal deyildi. İndi bir çoxları inkar edir, Amerikanın dəstəyindən danışırlar. Faktdır ki, 907-ci düzəliş ilə (907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir – red) Azərbaycana tətbiq edilən sanksiya AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə qəbul tətbiq edildi. Təsəvvür edin, həm torpaqlarımız işğal edilir, həm də sanksiya tətbiq olunur, guya Ermənistanı blokadaya almışıq. Dövlət idarəetmə sistemindəki nöqsanlar xarici, daxili siyasətə, iqtisadiyyata, bir sözlə bütün sahələrə təsir etmişdi. O dövrdə ali təhsili olmayanlara da yüksək vəzifə verirdilər. Bu da əhali arasında narazılığa səbəb olurdu”.