“Bu gün siyasətçi olmaq yox, səmimi insan olmaq zamanıdır!”
“Bu gün Sumqayıt şəhəri Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı olduqca sevindirici hadisədir. Nəhayət ki, apteklərdə bundan sonra vətəndaşlarımız sağlamlıqlarını qorumaları məqsədilə tibbi maskaları rahat əldə edəcəklər. İki həftəyə belə bir müəssənin yaradılması bir daha dövlətin vətəndaşına göstərdiyi qayğının nəticəsidir. Bu müəssənin belə qısa zamanda açılması bir başa prosesə Prezident Əliyevin nəzarət etməsi ilə bağlıdır”.
Bunu Pravda.az-a Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Prezident İlham Əliyevin koronavirus təhlükəsi və görülən tədbirlərlə bağlı xalqa müraciətinə münasibət bildirərkən deyib.
A.Şakiroğlu hesab edir ki, bu müəssənin açılması ayrı-ayrı məmurların öhdəsinə buraxılsaydı, belə operativlik də olmayacaqdı: “Bu, bir daha göstərdi ki, ölkə vətəndaşlarının həyatının təhlükəsizliyi hakimiyyət üçün və şəxsən Prezident İlham Əliyev üçün olduqca önəmlidir. Təsəvvür edirsinizmi, dünyada neftin qiymətinin sürətlə dəyərdən düşdüyü, dünyanın hər bir ölkəsində iqtisadi böhran yaşandığı bir zamanda dövlətin koronavirusla mübarizəyə ayırdığı milyardlarla manat vəsait nə deməkdir? Bütün bu vəsaitlər əlbəttə ki, ölkə vətəndaşlarının, sahibkarların əziyyət çəkməməsi üçün verilir, xərclənir. Belə olan halda da vətəndaşlar nizamlı olmalıdırlar. Prezident Əliyevin Sumqayıt şəhərində xalqa ünvanladığı müraciətlə tam razıyam. Nə olsun ki, biz müxalif partiyayıq. Ölkəmizdə koronavirusla mübarizənin getdiyi belə bir ağır şəraitdə mənim üçün dövlətçilik, xalqın təhlükəsizliyi ön sıradadır. Hər bir məsələyə hesab edirəm ki, müxalifətçilik ampulasından baxmaq doğru olmaz. Görülən, atılan müsbət addıma qaragüruh mövqedən yanaşmaq axmaqlıq olardı. Böyüklük odur ki, müsbəti müsbət, mənfini mənfi kimi söyləməyi bacarasan. Düşünürəm ki, fürsətçillik də yaxşı hal deyil. İstər bazarlarda, istərsə də siyasətdə. Təsəvvür edin, bu gün ölkədə müəyyən şəxslər süni qiymət artımı yaradırlar. Prezident İlham Əliyevin də dediyi kimi süni qiymət artımı xəyanət kimi qəbul edilməlidir. Prezidentin mövqeyi məni bir müxalif partiya rəhbəri olaraq olduqca qane edir. Bəli, belə bir çətin zamanda həmrəyliyə, milli birliyə ehtiyac vardır. Süni qiymət artımı kimi ölkədə süni siyasi gərginlik yaratmaq istəyənlər də xəyanətkarlardır”.
GAP sədri vurğulayıb ki, hər bir siyasətçi öz siyasi ambisiyasından bu ağır şəraitdə geri durmalıdır: “Koronavirus adlı bəladan xilas olaq, sonra öz siyasətimizi apararıq. Xalqının gələcəyi naminə bunu etmək xalqını sevən siyasətçinin borcudur. Sağlam Azərbaycan və sağlam azərbaycanlılar naminə bu birliyi, bu həmrəyliyi göstərmək zamanıdır. Prezident Əliyevin etdiyi müraciət hesab edirəm ki, siyasətçidən daha çox səmimi insan üslubunda edilmiş müraciətlərdir. Bu səbəbdən də bizlər də müxalifət kimi bu səmimiyyətə öz tövhəmizi verməyi bacarmalıyıq. Unutmaq lazım deyil ki, Azərbaycan hər birimizin məmləkətidir!”