Ötən il meyxana aləminin ən məşhur simalarından olan Rəşad Dağlının həbs edilməsi pərəstişkarları və meyxanasevərlər arasında dərin kədərlə qarşılandı. Şəxsi münasibət zəmnində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq qətlə yetirdiyi üçün həbs edilən məşhur meyxanaçının səhhəti və cinayət işinin prosseduru ilə bağlı xəbərlər insanlar arasında yetərincə maraq doğurur.
Pravda.az xəbər verir ki, Referans.az saytı Rəşad Dağlının hazırki durumunu öyrənmək üçün meyxanaçının qohumu, jurnalist Könül Ayparadan məlumat alıb. Könül xanım Rəşad Dağlının səhhətinin normal olduğunu bildirib.
“Hazırda Rəşadın səhhəti normaldı. Düzdü, azadlıqdan məhrum edilən hər bir məhkum kimi onun da vəziyyəti az-çox hər kəsə məlumdur. Amma çox şükür, səhhətində ciddi problem və ya xəstəlik yoxdur. İstintaq prossesinin gedişinə gəlincə isə, bu tam qapalı aparılır və bizim də məlumatımız yoxdur. Əlbəttə ki, bütün cinayət törətmiş şəxslər kimi, Rəşad da bunun cəzasını çəkəcək. İlkin olaraq 4 ay həbs qəti imkan tədbiri seçilmişdi, artıq onun 2 ayı geridə qalıb. Konkret nəsə demək üçün 2 ay sonranı gözləməliyik.”