Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü olub.
Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev Yoav Qallantı İsrailin müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, onunla Azərbaycanın müdafiə naziri arasında təmasların və telefon danışıqlarının olduğunu məmnunluqla vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri daşıdığını, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə etdi.
Yoav Qallant İsrail Dövlətinin rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.