İranda ötən ilin sentyabrında Məhsa Əmini adlı gənc qadının ölümünə və ölkədə hələ də davam edən etirazların başlanmasına səbəb olan məcburi hicab məsələsi həllini tapmadığından yeni qalmaqallı hadisələrin yaşanmasına gətirib çıxarır.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sonuncu belə hay-küylü olay İran Milli Kitabxanasında baş verib.
Belə ki, bir neçə gün əvvəl İran Milli Kitabxanası tərəfindən bəzi qadın istifadəçilərə mesaj göndərilib və hicaba riayət etmədikləri üçün onların kitabxanaya üzvlüyünün dayandırıldığı barədə məlumat verilib.
Bu məsələ qadın oxucuların kəskin etirazı ilə qarşılanıb və fevralın 13-də onların bir qrupu Milli Kitabxana rəhbərliyinin həmin addımı əleyhinə bəyanat yayıb. Bəyanatda sözügedən qərar cinsi ayrı-seçkilik aktı və İran hakimiyyətinin dəyənək və güllə siyasətindən yumşaq sıxışdırma metoduna keçməsinin təzahürü kimi qiymətləndirilib.