Azərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir.
Pravda.az-ın xəbərinə görə, bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, burada məqsəd iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir:
“Azərbaycanda əvvəllər də iqtisadi siyasətdə amnistiya elementləri olub. Prezident İlham Əliyevin təsdiq etdiyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanun əslində müəyyən dərəcədə vergi amnistiyası kimi qəbul edilə bilərdi.
Bu qanunla faiz və maliyyə sanksiyaları üzrə borclar silinmişdi. Dünya təcrübəsində də amnistiyanın müxtəlif növlərinə, həmçinin uğurlu və uğursuz nəticələrinə rast gəlmək mümkündür.
Rusiyada 2015-ci ildən başlayaraq elan edilən iki amnistiya çərçivəsində 10 milyard avro vəsait deklarasiya edilib, bu ilin martında bitən üçüncü amnistiyanın nəticələri isə hələ açıqlanmayıb.
Gəlirlərin və kapitalın amnistiyası Hindistanda beş dəfə, Portuqaliyada dörd dəfə, Fransa, Avstriya və İrlandiyada iki dəfə keçirilib.
Dünyada tətbiq edilən kapital, əmlak, vergi və gəlir amnistiyaları gözləntiləri müxtəlif səviyyələrdə doğruldub”.
V.Qasımlı bildirb ki, sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hesabatları müqayisə edəndə, həmçinin ev təsərrüfatlarının gəlirləri və xərclərini tutuşduranda “müşahidə olunmayan iqtisadiyyatın” konturlarını görmək olur:
“Vergi və gömrük orqanlarının 2019-cu ildəki “kölgə iqtisadiyyatı” ilə səmərəli mübarizəsi nəticəsində büdcəyə proqnozdan əlavə 1 milyard manat vəsait daxil oldu.
Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı rəsmi rəqəmlərə əsasən 8,7 faiz təşkil edir. Sərəncamda qalan gəlirlərin istifadəsi hesabının təhlili göstərir ki, ölkədə illik qənaətin həcmi 20-25 milyard manatdır.
Buna görə də, dəqiq qiymətləndirmə çətin olsa da, kapital və əmlak amnistiyası elan olunacağı təqdirdə əhəmiyyətli bir məbləğin leqallaşması potensialının olduğunu demək mümkündür.
Əslində kapital və əmlak amnistiyası “kölgə iqtisadiyyat”a qarşı mübarizənin məntiqi davamı ola bilər. Xüsusən, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər sahibkarları stimullaşdırıcı və inzibati yollarla öz bizneslərini “ağartmağa” sövq edir”.
Direktorun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, kapitalın leqallaşdırılması onun sahiblərinin maraqlarını ifadə etməlidir: