Fevralın 17-də Almaniyada əsas şüarı “Dialoq vasitəsilə sülh” olan Münxen Təhlükəsizlik Konfransı öz işinə başlayıb. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak ediblər. Dövlətimizin başçısının növbəti dəfə belə mötəbər tədbirə dəvət alması Azərbaycan liderinin böyük nüfuzunun, yüksək liderlik və natiqlik qabiliyyətinin, qlobal prosesləri obyektiv təhliletmə məharətinin göstəricisidir. Prezident İlham Əliyev builki MTK-da iştiraka dəvət olunan və iştirakı diqqət mərkəzində olan az sayda dövlət başçılarından biridir.
Səfərin ilk günündə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə Prezident İlham Əliyev alman şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını və uğurlu təcrübəmizin olduğunu qeyd edərək ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğuladı. Ölkəmizin başçısı həmçinin, bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanlar var.
Bununla yanaşı, Prezident Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və mötəbər qurumla ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığından söhbət açdı.
Münxen Konfransı Ermənistanın sülh müqaviləsindən yayınmasının ifşası baxımdan böyük əhəmiyyətə malik idi. Dünya birliyi bir daha Prezident İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğuna əmin oldu. Belə ki, Ermənistanın bütün danışıqlardan yayınması və bölgədə gərginlik yaratmasına rəğmən Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təklifi ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü bir daha ölkəmizin sülhpərvər mövqeyini ortaya qoydu. Azərbaycan müharibədən qalib çıxan ölkə kimi sülhpərvər mövqeyi ilə dünyaya öz prinsipini göstərmiş oldu.
Bu günə qədər danışıqlardan qaçan Ermənistanı Azərbaycan lideri Münxendə növbəti dəfə ifşa etdi.
