Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanda böyük investisiyalar yatırmaqdadır. Şirkət Azərbaycan hökumətinin dəstəyilə də günəş elektrik stansiyası layihəsini icra edir, külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi üçün saziş imzalayıb.
Marja.az-ın məlumatına görə, fırıldaqçılar Azərbaycan üçün çox mühüm olan bu layihələrin adından istifadə edərək gəlir əldə edirlər. Guya "Masdar Energy" qazanc imkanları təklif edir. Belə ki, "Masdar Energy" şirkəti insanlardan "investisiya" cəlb edir, həmin vəsaitlər günəş və küləkdən elektrik enerjisi istehsalı layihələrinə "yatırılır" və əldə edilən mənfəətdən "investorlara" gəlir ödənilir.
Əslində "masdarenergy.net" domeni üzərindən piramida mexanizmi yaradılıb - layihəyə yeni qoşulanlardan əldə edilən pul əvvəl qoşulanlara qazanc olaraq ödənilir və məlumatsız insanlar şirnikləndirilir. Eyni zamanda, maliyyə piramidası fırıldaqçısının (bunlara sistemin adminləri deyilir) balansında da vəsait yığılır. Balansa yığılan vəsait hədəflənmiş səviyyəyə çatdıqdan sonra piramidanın admini sistemi söndürəcək və qazananlardan çox itirənlər olacaqdır.
Qeyd edək ki, "Masdar Energy" fırıldağı Azərbaycan hökumətinin rəsmilərinin “Masdar” şirkətilə müqavilələr imzalanan zaman çəkilmiş fotoları ilə təqdim olunur. Bu fotlar "qurbanlara" göstərilərək layihənin dövlət səviyyəsində bir layihə olduğu təəssüratı yaradılır.
Fırıldaq mexanizm ilə 3 paket təqdim edilir: "VİP 1", "VİP 2" və "VİP 3". Paketlərin qiymətləri müvafiq olaraq 5 AZN, 50 AZN və 150 AZN-dir.