Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransının "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasında çıxışı dünya mətbuatının da diqqətində olub.
Dövlət başçısının Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ münaqişəsinin tarixi, eləcə də bölgədə sülh imkanları, Ukrayna-Rusiya müharibəsinin bölgəyə təsirlərinə dair detallı və möhkəm arqumentlərə əsaslanan fikirləri beynəlxalq mətbuatın diqqətindən qaçmayıb.
Moldovanın “Publika” nəşri Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında qarşılıqlı nifrət və düşmənliyə son verilməsi ilə bağlı sözlərinə yer verib: “Biz indi Ermənistan və Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümidvaram ki, biz onu tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, tarixən ciddi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər”.
Daha bir Moldova nəşri “Journal” isə Prezident İlham Əliyevin regiondakı vəziyyətə ikivektorlu yanaşmanın zəruri olması ilə bağlı fikirlərini dərc edib: “Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri...”
Gürcüstan mətbuatı da Azərbaycan, Ermənistan və Gürcüstan liderlərinin tarixi müzakirəsini geniş işıqlandırıb. “Interpressnews” xəbər saytı Azərbaycan Prezidentinin Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına, eləcə də Rusiya-Ukrayna müharibəsinin regiona təsirlərinə dair fikirlərinə yer verib: “Müharibənin bizim üzərimizdə birbaşa təsirləri yoxdur, lakin ümumi geosiyasi vəziyyət tamamilə dəyişib və ehtimal ki, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxta qayıtmayacaq. Biz ənənəvi tərəfdaşlarla ticarət sahəsində əməkdaşlıqla bağlı bəzi mənfi cəhətlərini, eyni zamanda xüsusilə kommunikasiya layihələri ilə bağlı bəzi üstünlükləri görürük. Azərbaycan uzun illərdir ki, müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasına investisiya yatırıb və indi Mərəzi Asiyadan karqo nəqlinin Azərbaycandan keçməklə Avropaya yönəldilməsi əlavə imkanlar yaradır. Amma bildiyiniz kimi, bizim özümüz də təxminən 2 il əvvəl 44 gün çəkən müharibədə olmuşuq və biz müharibənin nə olduğunu, xalqlar üçün necə dağıntıya və məşəqqətə səbəb olduğunu bilirik. Ona görə də biz Avrasiyada sülhün bərqərar olunmasını istəyirik”.