Bu gün Azərbaycan şərqşünası, görkəmli alim, akademik Ziya Bünyadovun qətlə yetirildiyi gündür. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10 radələrində yaşadığı binadan çıxarkən bıçaq və odlu silahdan açılan atəşlə qətlə yetirilib. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi.
Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah” və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinib. Onlardan qətlin əsas icraçısı hesab olunan Qalib Babayev Azərbaycan-İran sərhədində öldürülüb.
Qətl hadisəsilə bağlı məhkəmənin çıxardığı hökmə əsasən Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov, Rizvan Məmmədov, Qalib Babayev, Tariyel Ramiz oğlu Ramazanov istintaqa məlum olmayan, özlərini İran İslam Respublikası vətəndaşlan kimi təqdim edən “Məhəmməd” və “Nəsrullah” adlı şəxslərin 1993-cü ildə Azərbaycanda, o cümlədən Bakı şəhərində islam dininin müdafiəsi pərdəsi altında ağır və xüsusilə ağır cinayətlər törədilməsi məqsədi ilə yaratdıqları “Vilayəti Əl-Fəqih Hizbullah” adlı cinayətkar birliyə qəbul olunublar.
Bu cinayətkar dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçirərək, akademik Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq qərarına gəlir. Burada qətlin həyata keçirilməsi planı qurulur.