Bakı Slavyan Universitetin sabiq rektoru Nurlana Əliyevanın universitetin keçmiş şöbə müdiri Dürdanə Əliyeva haqqında söylədiyi “o mənə cadu edib deyə xəstələnmişəm” fikri müzakirələrə səbəb oldu.
Heç kimə sirr deyil ki, Azərbaycanda yüksək vəzifəli məmurlardan tutmuş, ta Milli Məclisin deputatlarına, iş adamlarına, sənətçilərə və onların ailələrinə kimi çoxları falçı yanına gedir. Bu haqda zaman-zaman mətbuatda da xəbərlər yayımlanıb. Mövzu ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu cür insanlar Azərbaycana baş qaxıncıdır:
“Vəzifəli insanlar, məmurlar xalq üçün nümunəvi olmalıdırlar. YAP Qadınlar Şurasının sabiq sədri, Bakı Slavyan Universitetinin keçmiş rektoru Nurlana Əliyeva elə fikirlər səsləndirir ki, vallah, adam utanır.
O vaxt bir millət vəkilimizin katibəsi ilə verdiyi hoqqanı yaxşı xatırlayırıq. Bu cür şəxslər nümunə olmaq əvəzinə dövlətə baş qaxıncı gətirirlər.
O qədər oğurluqla məşğul olublar ki, artıq bilmirlər pullarını hara xərcləsinlər, cadugərlərə verirlər, onun-bunun ağzını bağlatdırırlar ki, daha çox yığsınlar. Amma düşünürəm ki, bunlar mənasız şeylərdir. Belə insanlar hansı partiyanın üzvü olmasına, kimin yanında olmasına baxmayaraq, baş qaxıncıdırlar. Onlar bu cür həssas dövrdə xalqın ruhuna, düşüncəsinə uyğun hərəkət etməkdənsə, təəssüf ki, sanki xalqa qıcıq verirlər”.