Dələduzluqda ittiham olunan YAP Gənclər təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkut barəsindəki məhkəmə istintaqı davam edir. "Qafqazinfo"nun məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə növbəti məhkəmə iclası keçirilib. İclas başlamazdan əvvəl İ.Turkut jurnalistlərin zala buraxılmasına etiraz etsə də, A.Əliyevanın vəkili Ceyhun Yusifov bildirib ki, açıq məhkəmə iclasının obyektiv şəkildə işıqlandırılmasında bir problem görmür. Hakim jurnalistlərin iclasda oturmasına icazə verib.
İş üzrə istintaq 2021-ci ildə başlayıb və ötən il tamamlanıb. Artıq 8 aydır ki, məhkəmə prosesi davam edir. İttihama görə, bacılar aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib. Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim edib zərərçəkmişləri qızıl alverindən yaxşı gəlir götürəcəklərinə inandırıblar. İttihamda qeyd edilir ki, bacılar 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər. Amma özlərini təqsirli bilmədiklərini deyirlər.
Hazırkı mərhələdə şahidlər dindirilir. Bugünkü prosesdə Aytac və İlknur bacılarının xalası Gülnarə Dadaşova ifadə verib. Qadın bildirib ki, onların kimisə aldatması barədə məlumatı yoxdur: “Mənim bacım uzun müddət AZTV-də çalışıb, ziyalı qadın olub. Ola bilər ki, o vəfat edəndən sonra qızlar daha yaxşı yaşamaq üçün bu addımı atıblar. Bəlkə də onları şeytan aldadıb. Amma konkret olaraq kimisə aldatmaları barədə məlumatım yoxdur. Mən, ümumiyyətlə, onların biznesi olduğunu bilməmişəm və məni borca görə kimsə narahat etməyib. Əksinə, bu qızlar mənə dəfələrlə dəstək olub”.
Daha sonra zərərçəkmişlərdən birinin oğlu dindirilib. Onun anası Aytac və İlknur bacıları tərəfindən 189 500 manatlıq dələduzluğa məruz qaldığını iddia edir. O, bu məbləğin 10 min manatının anası tərəfindən bacılara verilərkən gördüyünü bildirib: “Onlar bizim evə tez-tez gəlib-gedirdilər. Mən çox vaxt onlarla eyni otaqda olmurdum. Yalnız bir halda anamın onlara 10 min manat verdiyini gördüm. Anama demişdilər ki, ikiqat gəlir əldə edəcəksən. Onlar bizim evə gəlirləri vermək üçün gəlirdilər. Lakin hansı məbləğdə gəlir verdikləri barədə məlumatım yoxdur. Anam özü də ev alqı-satqısı ilə məşğul idi. Hətta evimizi satıb pulunu onlara vermişdik”.