İki gün əvvəl Tərtərdə Asəf Məmmədovun həyat yoldaşı Gülnar Məmmədovanı və həyətdə usta işləyən Namiq Allahverdiyevi qətlə yetirdiyi hadisənin bəzi detalları üzə çıxıb.
İlkin araşdırma zamanı məlum olub ki, A.Məmmədov həyat yoldaşını digər şəxsdən bir neçə saat əvvəl qətlə yetirib. Belə ki, 44 yaşlı şəxsin gecə saatlarında yaşadığı evdə arvadı Gülnar Məmmədovanı çoxsaylı bıçaq xəsarətləri ilə öldürdüyü və meyitini evdə saxladığı müəyyənləşib.
Bundan sonra A.Məmmədov yaşadığı evin həyətinə bitişik yerləşən, əmisinə məxsus həyətdə usta işləyən N.Allahverdiyevin gəlməsini gözləyib. Atası ilə birgə işlədiyi həyətə gələn 32 yaşlı Namiq Asəfin qəfil hücumuna məruz qalıb. N.Allahverdiyevə atəş açan Asəf daha sonra polisə təslim olub. Bundan sonra onun gecə saatlarında yaşadığı evdə arvadını öldürməsi də məlum olub.