"Mülkiyyətində kiçik pay torpaqları olan və sahibkar kimi fəaliyyəti olmayan bütün vətəndaşlara birdəfəlik yardım edilməlidir".
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan vətəndaşların birdəfəlik yardım paketindən kənar qalmasından danışarkən deyib. Deputat qeyd edib ki, bu məsələ tez bir zamanda müzakirə olunmalıdır: "Mülkiyyətində kənd təsərrüfatı torpaqları olan vətəndaşlarımız məşğul hesab olunur və bu baxımdan da nazirlik əslində qanunvericiliyə istinad edərək yardım ala bilməyənlərin siyahısını hazırlayıb. Orada ən diqqət çəkən məqamlardan biri pay torpağı olanların müraciət hüququnun olmamasıdır.
Düşünürəm ki, bu məsələ müzakirə oluna bilər. Nəticə etibari ilə, xüsusən də bölgələrdə yaşayanların müəyyən qədər pay torpaqları var. Bəzi hallarda pay torpağının sahəsi böyük deyil və nəticə etibari ilə güclü gəlir əldə edə bilmirlər. Bunu nəzərə alaraq qanunvericiliyin uyğunlaşdırılmasına ehtiyac var. Hər halda bu istiqamətdə konkret meyarların müəyyənləşdirilməsi müzakirə oluna bilər. Nisbətən az torpaq payı olanlara yardım edilməsi məqsədəuyğundur. Çünki onların gəlirləri azdır. Böyük pay torpağı olanlar və ondan fermer kimi istifadə edərək gəlir əldə edənlər sahibkar kimi fəaliyyət göstərir".